Avropa çempionatının ən yaxşı oyunçuları bəlli oldu

Ötən gecə başa çatan futbol üzrə Avropa çempionatının ən yaxşıları müəyyənləşib. Arena.az xəbər verir ki, İtaliya millisinin qapıçısı Canluici Donnarumma turnirin ən yaxşı futbolçusu seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 22 yaşlı qolkiper AÇ-2020 ərzində keçirdiyi yeddi matç ərzində qapısından cəmi dörd top buraxıb. O, İspaniya ilə yarımfinal və İngiltərə ilə final görüşlərindəki penaltilər seriyasında da qurtarışları ilə əsas qəhrəmana çevrilib. AÇ ərzində bütövlükdə 719 dəqiqə meydanda olan qapıçı, üç oyunda ümumiyyətlə qapısından top buraxmayıb. Onun hesabında 9 seyv var.

Avropa çempionatının ən yaxşı gənc futbolçusu isə İspaniya millisinin yarımmüdafiəçisi Pedri seçilib. 18 yaşlı futbolçu bu qitə birinciliyində 629 dəqiqə meydanda olub.

Avropa çempionatının ən yaxşı bombardiri isə Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo olub. O, vurduğu 5 qolla bu ada layiq görülüb. Çexiya yığmasından Patrik Şik də eyni sayda fərqlənməyə müvəffəq olub. Lakin Ronaldo Şiki əlavə göstəricilər hesabına üstələyib. 36 yaşlı forvardın aktivində 1 məhsuldar ötürmə də olub. Digər tərəfdən, o, meydanda 360 dəqiqə, Şik 404 dəqiqə keçirib.

Qeyd edək ki, AÇ-2020-nin qalibi İtaliya millisi olub. Londonda İngiltərə ilə 1:1 başa çatan görüşün qalibi penaltilər seriyasında müəyyənləşib – 3:2.