Avropa çempionu olan Azərbaycan millisi Bakıda

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında tarixi uğura imza atan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakıya qayıdıb. Arena.az xəbər verir ki, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda federasiyanın, eləcə də Gənclər və İdman Nazirliyinin rəsmiləri, məşqçilər və idmançılar qarşılayıb.

2 qızıl, 1 gümüş və 5 bürünc medalla komanda hesabında Avropa çempionu olan yığmamızın baş məşqçisi Aleksandr Tarakanov yarışla bağlı təəssüratlarını bölüşüb. O, jurnalistlərə açıqlamasında bunları dilə gətirib:

“İlk dəfə komanda hesabında Avropa çempionu olduq. Bunda həm güləşçilərin, həm məşqçilərin, həm də federasiya rəhbərliyinin əməyi var. Bu, bizim ümumi qələbəmizdir. Hamımız bu nəticəyə görə sevinirik. Bizə dəstək verən, bizim üçün həyəcan keçirən hər kəsə təşəkkürümü bildirirəm. Bu dəstək bizim üçün çox vacib idi”.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə millimizin 10 üzvündən 8-i vətənə medalla qayıdıb. Eldəniz Əzizli (55 kq) dörd illik fasilədən sonra ikinci dəfə Avropa çempionu olub. Beləliklə, 6-cı dəfə qitə birinciliyində fəxri kürsüyə qalxan Əzizli güləşin klassik növündə ən çox AÇ medalı olan idmançımız kimi adını tarixə yazdırıb. Eldənizin hesabında 2 qızıl və 4 bürünc medal var.

Bu yarışda Rafiq Hüseynov (82 kq) da rekorda imza atıb. 2011 və 2020-ci illərdə AÇ-nin baş mükafatına yiyələnən təcrübəli pəhləvanımız Budapeştdə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təxminən 1 aydan sonra 34 yaşı tamam olacaq Rafiq indi yunan-Roma güləşində ən çox Avropa çempionu olmuş idmançımız statusunu daşıyır. Digər güləşçilərimizə gəlincə, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Komandamız 2 qızıl, 1 gümüş və 5 bürünc medal əldə edərək 165 xal toplayıb. Tarixində ilk dəfə Avropa çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycan millisi toplanan xallara, medalların sayına və əyarına görə də özünün ən yaxşı nəticəsinə imza atıb.