Avropa klubu Ramil Şeydayevə bu qədər maaş təklif edir

“Qarabağ”dan yeni müqavilə üçün 600 min manat əməkhaqqı istəyən Ramil Şeydayevə digər klublardan da təkliflər gəlməkdə davam edir. Arena.az-ın əldə etdiyi məlumata görə, onunla maraqlanan klublardan biri də Macarıstan “Ferentsvaroş”udur.

Artıq bu klubun Ramilə təklif etdiyi məbləğ də bəlli olub. “Ferentsvaroş” Şeydayevin transferinə böyük pullar xərcləmək niyyətində deyil.

Komandanın baş məşqçisi rusiyalı mütəxəssis Stanislav Çerçesov onunla şəxsən maraqlansa da, macarlar Ramilə illik 200 min avrodan artıq məvacib vermək niyyətindən uzaqdır.

Xatırladaq ki, Ramil Şeydayevə “Ferentsvaroş”la yanaşı, “Neftçi”dən, həmçinin Rusiyanın “Rostov” klubundan da təkliflər var. Onun Ağdam klubu ilə müqaviləsinin müddəti 2023-cü ilin 30 iyununa qədərdir.

Şeydayev bu mövsüm “Qarabağ”ın heyətində bütövlükdə 52 oyuna çıxıb. O, müxtəlif turnirlər çərçivəsində 23 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

Millimizin üzvü 2021-ci ilin yayından Ağdam klubunun uğurları üçün çalışır. O, 2017/18 mövsümündə də icarə əsasında bu komandanın formasını geyinmişdi. Ramil “Qarabağ”da bütövlükdə 115 oyuna çıxıb, 37 qol vurub, 12 asist müəllifi olub. Hücumçu daha öncə “Sabah”, “Dinamo” (Moskva), “Krılya Sovetov”, “Jilina”, “Trabzonspor”, “Rubin”, “Zenit” kimi klubların da formasını geyinib. Şeydayev Azərbaycan milli komandasında da 52 oyuna çıxıb, 9 qol vurub.