Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2022/2023 mövsümünün yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Arena.az xəbər verir ki, hər iki oyun eyni gündə baş tutub.
İtaliyanın “Fiorentina” komandası doğma meydanda İsveçrə “Bazel”i ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin məğlubiyyəti ilə bitib. Halbuki, qarşılaşmada hesabı ilk hissədə məhz İtaliya təmsilçisi açıb. Amma fasilədən sonra iki qol vuran isveçrəlilər çətin səfərdən əzmkar qələbə ilə qayıdıblar.
İngiltərənin “Vest Hem” klubu isə Niderland “Alkmaar”ını qəbul edib. Bu oyudna da qapılara üç qol vurulub. Florensiyadakı oyundan fərqli, bu görüşdə hesabı ilk yarıda qonaqlar açıblar. İngilislər isə ikinci yarıda vurduqları qollar sayəsində meydanı əzmkar qələbə ilə tərk ediblər.
Xatırladaq ki, Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin cavab qarşılaşmaları mayın 18-də keçiriləcək. Bu turnirin həlledici oyunu isə iyunun 7-də Çexiyanın paytaxtı Praqa şəhərində baş tutacaq. Final matçına “Fortuna Arena” ev sahibliyi edəcək.
Avropa Konfrans Liqası
Yarımfinalın ilk oyunları
11 may
Fiorentina (İtaliya) – Bazel (İsveçrə) 1:2
Qollar: Artur Kabral, 25 – Andi Diuf, 71. Məhəmməd Amduni, 90+3.
Vest Hem (İngiltərə) – Alkmaar (Niderland) 2:1
Qollar: Səid Benrahma, 67. Maykl Antonio, 76 – Ticani Reynders, 42.