Futbol üzrə Avropa Konfrans Liqasının “Vest Hem” və “Fiorentina” komandaları arasındakı final matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Arena.az xəbər verir ki, “Vest Hem”in yarımmüdafiəçi Carrod Bouen qarşılaşmanın ən yaxşı oyunçusu seçilərək qalibə verilən “Laufenn” mükafatını alıb.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. UEFA-nın texniki müşahidəçilərinin final oyununun qəhrəmanına çevrilən futbolçu barəsindəki qeydi maraq doğurur:
“Vest Hem” yüksək səviyyədə olmadıqda belə, Bouen, komandanın onun üzərindən tez-tez əks-hücuma keçdiyi şəxs idi və sonda qələbə gətirən qolu vurmağı bacardı”.
Xatırladaq ki, oyunda həlledici qolu 90-cı dəqiqədə “Vest Hem”in braziliyalı yarımmüdafiəçisi Lukas Paketanın zərgər dəqiqliyi ilə verdiyi ötürmədən sonra qapıçı ilə təkbətək çıxan vinger Carrod Bouen vurub. “Vest Hem” 2:1 hesabı ilə qalib gələrək tarixində ilk dəfə Avropa Konfrans Liqasının qalibi olub.
Finaldakı qol Bouen üçün Avropa Konfrans Liqasının təsnifat mərhələsi də daxil olmaqla 12-ci oyunda 6-cı qol olub. Futbolçu turnirin gedişində 3 məhsuldar ötürmə ilə də fərqlənib.