Avropa kuboku: Cüdo yığmalarımızdan ilk gündə 11 medal

Azərbaycanın cüdo üzrə böyüklərdən, gənclərdən və yeniyetmələrdən ibarət komandaları bu gün Avropa kubokunda mübarizəyə başlayıblar. Arena.az xəbər verir ki, böyüklərdən ibarət yığmamız Bosniya və Herseqovinada təşkil olunmuş Avropa kubokunda mübarizə aparırlar.

Cüdoçularımız Sarayevoda keçirilən yarışın ilk günündə 4 medal qazanıblar. Komandamızın üzvləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.

İlk gündə kişilər arasında -60, -66 və -73 kq çəki dərəcələrində 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Ruslan Paşayev (-66 kq) qızıl, eyni çəkidəki digər təmsilçimiz Kamran Süleymanov isə bürünc medal əldə edib. -73 kq çəkidə final görüşü iki cüdoçumuz – İbrahim Əliyev və Telman Vəliyev arasında baş tutub. Yekunda İbrahim Əliyev qızıl medal əldə edibsə, Telman Vəliyev “gümüş”lə kifayətlənib. Rövşən Əliyev (-60 kq) 5-ci, Tofiq Əliyev (-66 kq) isə 7-ci yerlə kifayətlənib.

Gənclərdən 2 medal

İspaniyanın Malaqa şəhərində keçirilən gənclər arasında Avropa kubokuna qatılan cüdoçularımız isə ilk yarış günündə 1 qızıl və 1 bürünc medal qazanıblar. Nizami İmranov (-60 kq) yarışı 5-ci yerdə başa vurub. Aydın Rzayev (-66 kq) qızıl medal qazanıb. Eyni çəki dərəcəsində yarışan digər cüdoçularımız Nicat Nağıyev 7-ci, Samir Piriyev 5-ci yerə çıxıb. Süleyman Əliyev (-73 kq) yarışı 3-cü yerdə başa vurub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Vüsal Qələndərzadə 5-ci yerlə kifayətlənib.

Yeniyetmələr ilk gündə 5 medal qazandılar

Polşanın Bielsko Biala şəhərində keçirilən yeniyetmələr arasında Avropa kubokunun da ilk günü Azərbaycan üçün uğurlu alınıb. Komandamızın üzvləri 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.

Qızlar arasında -40, -44, -48 və -52 kq çəki dərəcələrində, oğlanlar arasında isə -50, -60 və -66 kq çəki dərəcələrində 12 cüdoçumuz tatamiyə çıxıb.

Oğlanlar arasında -50 kq çəkidə Əhməd Rüstəmov və Məhəmməd Məmişov, -66 kq-da isə Cəsur İbadlı bürünc medal əldə edib.

Qızlar arasında Vüsalə Hacızadə (-48 kq) qızıl, Xədicə Qədəşova (-52 kq) gümüş medal qazanıb. Nigar Məmişova (-40 kq) 5-ci, Aytən Verdiyeva (-52 kq) isə 7-ci yerlə kifayətlənib.

Cüdo yığmalarımız mayın 21-də baş tutacaq sonuncu yarış günündə medal siyahısını zənginləşdirməyə çalışacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: