Avropa Liqasında 1/8 finalın püşkü atıldı: “Fənərbaxça”nın rəqibi…

Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. Arena.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə növbəti raundun cütləri bəlli olub.

Püşkdən öncə iştirakçı komandalar iki səbətə bölünmüşdülər. Belə ki, qrup qalibləri “Səpələnmişlər”, pley-off mərhələsindən gələnlər isə “Səpələnməmişlər” səbətində yer almışdılar.

“Səpələnmişlər” səbətində yer alan komandalar bunlar idilər: “Arsenal” (İngiltərə), “Betis” (İspaniya), “Fənərbaxça” (Türkiyə), “Ferentsvaroş” (Macarıstan), “Feyenoord” (Niderland), “Frayburq” (Almaniya), “Real Sosyedad” (İspaniya), “Yunion” (Belçika).

“Səpələnməmişlər” səbətində isə bu komandalar yer almışdılar: “Yuventus” (İtaliya), “Bayer” (Almaniya), “Mançester Yunayted” (İngiltərə), “Roma” (İtaliya), “Sevilya” (İspaniya), “Sportinq” (Portuqaliya), “Union Berlin” (Almaniya), “Şaxtyor” (Donetsk, Ukrayna).

Qeyd edək ki, bu raundda eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzdilər. Püşkatma nəticəsində Türkiyə təmsilçisi “Fənərbaxça” İspaniyanın “Sevilya” komandasına rəqib olub. Turnirin favoritlərindən olan “Mançester Yunayted” “Betis”ə, “Yuventus” “Frayburq”a, “Roma” isə “Real Sosyedad”a rəqib düşüb. İngiltərə Premyer Liqasının lideri “Arsenal” isə 1/4 finala vəsiqə uğrunda Lissabon “Sportinq”i ilə qarşılaşacaq.

Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları martın 9-da, cavab matçları isə 1 həftə sonra keçiriləcək.

Avropa Liqası
1/8 final

“Union Berlin” (Almaniya) – “Yunion” (Belçika)
“Sevilya” (İspaniya) – “Fənərbaxça” (Türkiyə)
“Yuventus” (İtaliya) – “Frayburq” (Almaniya)
“Bayer” (Almaniya) – “Ferentsvaroş” (Macarıstan)
“Sportinq” (Portuqaliya) – “Arsenal” (İngiltərə)
“Mançester Yunayted” (İngiltərə) – “Betis” (İspaniya)
“Roma” (İtaliya) – “Real Sosyedad” (İspaniya)
“Şaxtyor” Donetsk (Ukrayna) – “Feyenoord” (Niderland)

Xəbəri sosial şəbəkələrdə paylaş: