Avropa Liqasında finalçılar bəlli oldu: “Reyncers” “Ayntraxt”a qarşı!

Bu gün futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Arena.az xəbər verir ki, hər iki oyuna eyni saatda start verilib.

İlk oyunlardan sonra komandaların demək olar ki, hamısının finala çıxmaq üçün şansları eyni idi.

“Leypsiq” öz meydanındakı ilk matçda “Reyncers” üzərində minimal hesablı qələbə qazanmışdı. Cavab qarşılaşması isə məhsuldar alınıb. Şotlandiya təmsilçisi doğma meydanda ilk oyundakı məğlubiyyətin əvəzini çıxmağı bacarıb. Üç qol buraxan Almaniya təmsilçisinin gücü isə yalnız təsəlli qoluna çatıb. Beləcə, “Reyncers” ilk oyundakı məğlubiyyətə baxmayaraq, əzmkarlıq göstərərək finala vəsiqə qazanıb.

Gecənin digər oyununda Frankfurt “Ayntraxt”ı evdə İngiltərə “Vest Hem”ini qəbul edib. İlk oyunda doğma meydanda uduzan Premyer Liqa klubu üçün cavab görüşü də uğursuz alınıb. 17-ci dəqiqədən etibarən azlıqda qalan “Vest Hem” bu dəfə də uduzub. Minimal hesabla üstün olan Almaniya təmsilçisi finala yüksələn tərəf olub.

Beləliklə, Avropa Liqasında final oyunu “Ayntraxt” və “Reyncers” komandaları arasında keçiriləcək. Həlledici qarşılaşma mayın 18-də İspaniyanın Sevilya şəhərində, “Ramon Sançes Pisxuan” stadionunda baş tutacaq.

Avropa Liqası
Yarımfinalın cavab oyunları
5 may

Reyncers (Şotlandiya) – Leypsiq (Almaniya) 3:1
Qol: Tavernye, 19. Kamara, 24. Lundstram, 81 – Nkunku, 71.
Baş hakim: Artur Dias (Portuqaliya).
Qlazqo, “Aybroks” stadionu.
İlk oyun – 0:1

Ayntraxt (Almaniya) – Vest Hem (İngiltərə) 1:0
Qol: Borre, 26.
Baş hakim: Xesus Hil Mansano (İspaniya).
Frankfurt, “Frankfurtştadion”.
İlk oyun – 2:1