Avropa Liqasında həftənin oyunçusu adına 4 namizəd

Avropa Liqasında və Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin oyunçusu adına namizədlər açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Ənənəvi olaraq, yenə hər turnir üzrə həftənin ən yaxşı oyunçusu seçilməyə dörd namizəd var.

Avropa Liqasında namizədlər bunlardır: Marsel Zabitser (“Mançester Yunayted”, İngiltərə), Orkun Kökçü (“Feyenoord”, Niderland), Federiko Qatti (“Yuventus”, İtaliya) və Viktor Bonifase (“Yunion”, Belçika).

Marsel Zabitser İspaniyanın “Sevilya” komandası ilə 2:2 hesablı heç-heçə etdikləri oyunda dubla imza atıb.

Türkiyə millisinin üzvü olan Orkun Kökçü İtaliyanın “Roma” komandasını doğma meydanda 1:0 hesabıyla yendikləri görüşdə 82 faizlik dəqiq ötürmə ilə diqqət çəkib.

Federiko Qatti “Yuventus”un Portuqaliya “Sportinq”i üzərindəki çətin qələbəsinə qolla töhfə verib – 1:0.

Viktor Bonifase də Almaniyanın “Bayer” komandası ilə səfər heç-heçəsində (1:1) bir qolla pay sahibi olub.

Konfrans Liqasında da Terem Moffi (“Nitsa”, Fransa), Alessio Kastro-Montes (“Gent”, Belçika), Zeki Amduni (“Bazel”, İsveçrə) və Nikola Milenkoviç (“Fiorentina”, İtaliya) həftənin ən yaxşısı adına namizəddirlər.

Moffi İsveçrə “Bazel”i ilə 2:2 hesablı səfər heç-heçəsində dubla imza atıb. Elə Amduni də eyni oyunda “Nitsa”nın qapısına vurulan hər iki qolun müəllifi olub.

Milenkoviç Polşada “Lex” üzərində qazandıqları 4:1 hesablı qələbədə 83 faizlik dəqiq ötürmə ilə diqqət çəkib.

Kastro-Montes də İngiltərənin “Vest Hem” komandası ilə ev oyununda (1:1) 95 faizlik dəqiq ötürmə müəllifi olub.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılacaq səsvermənin yekununda bəlli olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: