Avropa Liqasında Liqa mərhələsinə start verildi

2024/2025 mövsümündən etibarən yeni formatda keçirilən Avropa Liqasında bu gün Liqa mərhələsinin 1-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub.

Maraqla gözlənilən oyunlardan biri Türkiyədə keçirilib. Türkiyə çempionu “Qalatasaray” doğma meydanda Yunanıstan təmsilçisi PAOK-la münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı matçda qələbəni İstanbul klubu bayram edib.

İngiltərənin “Mançester Yunayted” klubu isə evdə Niderland təmsilçisi “Tvente”ni sınağa çəkib. “Qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq vaxtilə məşqçilik karyerasına məhz “Tvente”də başladığına görə, bu oyun niderlandlı mütəxəssis üçün xüsusi əhəmiyyət daşıyırdı. Bu matçda hesabı ingilislər açsa da, yekunda heç-heçə qeydə alınıb.

Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan İsveçin “Elfsborq” komandası səfərdə Niderlandın “Alkmar” klubu ilə üz-üzə gəlib. Hesabı qonaqlar açsalar da, sonradan meydan sahibləri oyunda dönüş yaradıblar – 3:2. “Bodo Qlimt” (Norveç) isə evdə “Portu” (Portuqaliya) ilə qarşılaşıb və güclü rəqibinə qalib gəlib. Bu qarşılaşmada da 3:2 hesabı qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan çempionu 4-cü turda “Bodo Qlimt”lə (7 noyabr), 6-cı turda “Elfsborq”la (11 dekabr) qarşılaşacaq. Hər iki oyun səfərdə baş tutacaq.

Avropa Liqasında Liqa mərhələsinin 1-ci turuna sentyabrın 26-da keçiriləcək 9 oyunla yekun vurulacaq. “Qarabağ” bu mərhələdəki ilk sınağına sabah çıxacaq. Ağdam klubu səfərdə İngiltərənin “Tottenhem” komandası ilə qarşılaşacaq.

Avropa Liqası
Liqa mərhələsi, 1-ci tur
25 sentyabr

“Alkmar” (Niderland) – “Elfsborq” (İsveç) 3:2
Qollar: Van Bommel, 44; 50. Parrott, 74-pen – Ouma, 23. Hedlund, 53.

“Bodo Qlimt” (Norveç) – “Portu” (Portuqaliya) 3:2
Qollar: Hoq, 15. Hauqe, 40; 62 – Omorodion, 8. Xul, 90.

“Mançester Yunayted” (İngiltərə) – “Tvente” (Niderland) 1:1
Qollar: K.Eriksen, 35 – Lammers, 68.

“Qalatasaray” (Türkiyə) – PAOK (Yunanıstan) 3:1
Qol: Baba, 48-öz qapısına. Y.Akgün, 76. İkardi, 90+5 – Konstantelias, 67.

“Dinamo” (Kiyev, Ukrayna) – “Latsio” (İtaliya) 0:3
Qollar: Dia, 5; 35. Dele-Başiru, 34.

“Ludoqorets” (Bolqarıstan) – “Slaviya” (Praqa, Çexiya) 0:2
Qollar: Yuraşek, 37. Xitil, 65.

“Midtyulland” (Danimarka) – “Hoffenhaym” (Almaniya) 1:1
Qollar: Osorio, 42 – Moerstedt, 90.

“Nitsa” (Fransa) – “Real Sosyedad” (İspaniya) 1:1
Qollar: Rosario, 45 – Barreneçea, 18.

“Anderlext” (Belçika) – “Ferentsvaroş” (Macarıstan) 2:1
Qollar: Versxaeren, 60. Dolberq, 66 – Traore, 86.