Öncədən açıqlandığı kimi, Polşanın ev sahibliyi edəcəyi sayca üçüncü Avropa Oyunları çərçivəsində şahmat yarışları da keçiriləcək. Arena.az xəbər verir ki, Avropa Şahmat İttifaqının məlumatına görə, şahmat turniri iyunun 19-da baş tutacaq.
Azərbaycan Şahmat Federasiyası artıq komandanın heyəti ilə bağlı ərizəni təşkilatçılara göndərib. Polşadakı yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə təmsil edəcək.
Qaydalara əsasən 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaq. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqinə əsasən seçilib.
Reqlamentə görə komandalar dairəvi sistemlə mübarizə aparacaqlar. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaqlar.


