Avropa Super Liqasının tərtibatı məlum oldu

Avropa Super Liqasının təşkilatçıları toplantı keçirərək, ilk mövsümü keçirilməsi nəzərdə tutulan yarışın tərtibatını müzakirə ediblər.

Arena.az bu barədə “Mundo Deportivo” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, layihəyə ilkin olaraq 12 komanda daxil idi. Hazırda isə yallnız “Real” və “Barselona” müvafiq yarışı tərk etməyiblər.

Yarış 3 diviziona bölünəcək. Ən yüksək divizion – “Ulduz” divizionudur. Burada Avropanın aparıcı futbol böyük beşliyindən 16 komanda, eləcə də Portuqaliya və Niderlandın güclü komandaları iştirak etməlidirlər.

İkinci divizion – “Qızıl” diviziondur ki, burada da daha 16 komandanın iştirakı nəzərdə tutulub. Üçüncü divizion isə – “Mavi” diviziondur. Burada 32 komanda iştirak edəcək, onlardan 20-si hər il aşağı liqaya düşəcək.

Layihənin təşkilatçıları digər dəyişiklikləri də müzakirə edirlər. Məsələn, bir çox klublar, ən güclü liqaların çempionları, tarixən nəhəng olmasalar da, yüksək divizionda yer almaqda maraqlı olduqlarını bildiriblər. Yarışın keçirilmə müddəti də dəyişdirilə bilər. Hazırda “Ulduz” divizionun qrup mərhələsində 2 dövrə ərzində 14 oyun keçirəcək 8 komandadan ibarət 2 qrup planlaşdırılıb.

Hər qrupdan ilk 4 yeri tutacaq komandalar daha sonra hər biri 2 oyunluq dörddəbir final və yarımfinal və bir oyunluq finalda oynayacaqlar. Ümumilikdə çempion 19 oyun keçirməli olacaq, halbuki UEFA Çempionlar Liqasının cari tərtibatına görə, çempion olacaq komandanın mütləq oyun sayı 17-dən ibarətdir.

Yarışın 17 və ya 18 oyuna qədər qısaldılması imkanları da nəzərdən keçirilir. Qarşılaşmalar həmişə həftə ortası oynanılacaq. Belə ki, milli birinciliklərin istirahət günlərində keçirilməsi davam etdiriləcək.