AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Avstriya – Azərbaycan oyunundan əvvəl mətbuat konfransları təşkil olunacaq. Arena.az xəbər verir ki, matçdan bir gün öncə komandaların açıq məşqləri də baş tutacaq.
Artıq bu tədbirlərin vaxtları müəyyənləşib. AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, martın 23-də əvvəlcə Avstriya milli komandasının baş məşqçisi Ralf Ranqnikin jurnalistlərlə görüşü baş tutacaq. Bu mətbuat konfransı yerli vaxtla saat 14:45-də başlayacaq. Saat 15:30-da isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqə start veriləcək.
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin mətbuat konfransı isə saat 17:30-da başlayacaq. Saat 18:00-da da ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqə start veriləcək.
Xəbərdə o da qeyd olunur ki, hər iki məşq və mətbuat konfransı oyunun keçiriləcəyi stadionunda baş tutacaq. Tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.
Xatırladaq ki, Avstriya – Azərbaycan oyunu martın 24-də Linz şəhərindəki “Rayffayzen Arena”da keçiriləcək. Bu oyuna Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.


