Ayan Allahverdiyeva Azərbaycan çempionu oldu

Ayan Allahverdiyeva qadın şahmatçılar arasında təşkil olunmuş və 7 turdan ibarət Azərbaycan çempionatının qalibi olub.

Arena.az xəbər verir ki, 7 turda 5,5 xal toplayan Allahverdiyeva karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi olub.

Ölkə çempionundan yarım xal geri qalan Nərmin Abdinova ikinci yeri tutub. Eyni xala malik Səbinə İbrahimova əlavə göstəricilərə görə üçüncü pillədə qərarlaşıb.

Hərəyə 4,5 xal toplayan Ləman Hacıyeva ilə Səbinə Rzalı Azərbaycan çempionatını müvafiq olaraq 4-5-ci pillələrdə başa vurub.

Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 15 min manat təşkil edirdi. Mükafat fondu ilk beşlikdə yer alan şahmatçılar arasında bölünüb. Qalib şahmatçı 6 min manat əldə edib.

Çempionatda ilk iki yeri tutan şahmatçılar Ayan Allahverdiyeva ilə Nərmin Abdinova şəxsi Avropa çempionatına ezam olunacaq.