Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Makkabi” ilə cavab oyununda zədələnən “Sabah”ın futbolçusu Ayaz Quliyev əməliyyat olunub.
Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, çiyin bağlarında qopma olan futbolçunun yerli klinikalardan birində baş tutan əməliyyatı uğurlu keçib. Ayaz Quliyevin təxminən 6 həftə sonra məşqlərə başlayacağı bildirilir.
Xatırladaq ki, “Sabah” İsrailin “Makkabi” (Hayfa) komandası ilə cavab görüşündə 3:6 hesabıyla uduzub. İlk oyunda 3:0 hesabıyla qalib gəlmiş “bayquşlar” bu rəqibini penaltilər seriyasında üstələyib – 3:2.
Ayaz Quliyev “Sabah”a 2023-cü ilin avqust ayında Rusiyanın “Ximki” klubundan keçib. 27 yaşlı mərkəz yarımmüdafiəçisinin paytaxt klubu ilə 2027-ci ilin 30 iyununa kimi müqaviləsi var. Ayaz “Sabah”da indiyə qədər 27 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
“Spartak” (Moskva, Rusiya) klubunun yetirməsi olan Ayaz bu klubun həm əvəzedici, həm də əsas komandasında (2013-2017, 2018-2020) forma geyinib. O, həmçinin Rusiyanın “Anji” (2017-2018), “Rostov” (2018), “Arsenal” (Tula, 2021/22), “Ximki” (2022-2023) klublarında çıxış edib.