Ayaz Quliyev oynadı, “Ximki” 7 oyun sonra qələbəyə sevindi

Azərbaycanlı futbolçu Ayaz Quliyev Rusiyanın “Ximki” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Rusiya Premyer Liqasının 24-cü turu çərçivəsində baş tutan Mosvka “Torpedo”su ilə qarşılaşmanın iştirakçısı olub.

“Ximki” bu rəqiblə doğma meydanda qarşılaşıb. Quliyevin komandası altı qolun qeydə alındığı bu oyundan qələbə ilə ayrılıb – 4:2.

Ayaz Quliyev bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Ximki”də forma geyinən digər azərbaycanlı futbolçu – İlya Sadıqov isə sonadək ehtiyatda qalıb. Hansı ki, o, bu klubun sahibi Tufan Sadıqovun oğludur.

Xatırladaq ki, “Ximki” Rusiya Premyer Liqasında 7 oyun idi qələbə qazana bilmirdi. Sözügedən komanda sonuncu dəfə 2022-ci ilin dekabr ayında doğma meydanda “Orenburq”a 2:0 hesabıyla qalib gəlmişdi. Komanda ondan sonra çempionatda keçirdiyi 7 oyunda 5 məğlubiyyətə üzülmüş və cəmi 2 heç-heçə edə bilmişdi.

“Ximki” 24 turdan sonra 17 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.