“Sumqayıt” qapıçı Aydın Bayramov, yarımmüdafiəçi Süleyman Əhmədov və hücumçu Rüfət Abdullazadə ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə “kimyaçılar”ın rəsmi saytı məlumat yayıb.
Hər üç futbolçunun müddəti başa çatan müqaviləsinin yenilənmədiyi diqqətə çatdırılıb. Onlara göstərdikləri xidmətlərə görə təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.
Aydın Bayramov 2019-cu ilin yanvar ayından “Sumqayıt”ın uğurları üçün çalışırdı. 27 yaşlı qolkiper bu komandada 64 oyuna çıxıb, 93 qol buraxıb. O, 18 matçda da qapısını toxunulmaz saxlamağa nail olub. Qapıçı daha öncə “Sabah” və MOİK-də də oynayıb. Bayramovun karyerasını “Turan Tovuz”da davam etdirməsi gözlənilir.
Süleyman Əhmədov 2018-ci ilin yanvarından “Sumqayıt”da çıxış edirdi. 23 yaşlı sol cinah müdafiəçisi bu komandada 98 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. “Qarabağ”ın yetirməsi olan Süleymanov vaxtilə Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da forma geyinib.
Rüfət Abdullazadə isə “Sumqayıt”ın öz yetirməsi idi. 22 yaşlı sağ cinah vingeri 2019-cu ildən əsas komandada forma geyinird. O, bu komandada 76 oyuna çıxıb, 1 qol və 6 məhsuldar ötürmə müəllifi olub. Rüfət Azərbaycanın U-17 və U-21 yığmalarında da çıxış edib.