“Ayntraxt”da Ebimbe gəldi, Hauqe getdi

Fransanın PSJ klubu yarımmüdafiəçisi Erik Junior Dina Ebimbe ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

22 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2024-cü ilin yayınadək bu komandanın uğurları üçün çalışmağa davam edəcək. Lakin fransalı oyunçu 2022/23 mövsümünü icarə əsasında Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunda keçirəcək.

Erik Junior Dina Ebimbe PSJ-nin öz yetirməsidir. O, daha öncə “Havr” və “Dijon”da da icarədə olub. Gənc yarımmüdafiəçi ötən mövsüm PSJ-nin heyətində 14 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, Fransanın U-21 yığmasına da dəvət alır.

Ebimbeni heyətinə qatan “Ayntraxt” da öz yarımmüdafiəçisi Yens Petter Hauqeni Belçikanın “Gent” klubuna icarəyə verib. 22 yaşlı futbolçunun bu mövsümün sonuna kimi Belçikada oynayacağı diqqətə çatdırılıb.

Frankfurt klubu Hauqeni ötən mövsüm İtaliyanın “Milan” klubundan icarəyə götürmüşdü. Bu yay isə Almaniya klubu 10 milyon avro ödəyərək onun transfer hüquqlarını da almışdı. Norveçdən olan gənc vingerin Almaniya klubu ilə 2026-cı ilin yayına kimi müqaviləsi var. O, geridə qalan mövsümdə bu komandanın heyətində 38 oyuna 3 qol vurub. Hauqe daha öncə “Bodo Qlimt” və “Olesun”da da çıxış edib. Yarımmüdafiəçi Norveç yığmasında da 10 oyun keçirib.