Ayşən Abduləzimova: “Hədəf növbəti çempionluqdur”

Macarıstan kubokunu qazanan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, o, bununla bağlı Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Hər il olduğu kimi, bu il də məqsədimiz həm kuboku, həm də çempionatı qazanmaqdır. Çox şükür ilk titulu qazandıq, kuboka sahib çıxdıq. Finalda rəqibimiz “Bekescsaba” klubu idi. Ciddi müqavimətlə qarşılaşsaq da, üstünlüyü əldən vermədik və qalib gəldik. Bu, mənim “Vasas”la ardıcıl üçüncü, ümumilikdə isə dördüncü kubokumdur. Bu nəticəyə görə çox şadam. Qarşıda bizi çempionatın yarımfinal oyunları gözləyir. Çalışacağıq ki, orada da ən yüksək səviyyədə oynayıb finala çıxaq, ardınca isə çempion olaq”.

Macarıstan kubokunda ikinci yeri tutan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Marqarita Stepanenko da AVF-nin mətbuat xidmətinə danışıb:

“Biz kubokda ikinci yeri tutduq. Çox istərdik ki, çempion olaq, lakin alınmadı. Hazırda çempionatda pley-off mərhələsində mübarizə aparırıq. Yarımfinala vəsiqə qazanmışıq. Burada 3 qələbə qazanmaq lazımdır. Bu mərhələdə rəqibimiz kubokda üçüncü yeri tutan KNRC klubudur. Çalışacağıq ki, qalib gəlib finala keçək və qızıl medalları qazanaq”.

Xatırladaq ki, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Ayşən Abduləzimova və Marqarita Stepanenko Macarıstan kubokunun finalında üz-üzə gəliblər. Ayşənin formasını geyindiyi “Vasas Obuda” və Marqaritanın şərəfini qoruduğu “Bekescsaba” komandalarının final qarşılaşması maraqlı mübarizə şəraitində keçib. Bu görüşdə “Vasas Obuda” rəqibini 3:0 hesabı ilə məğlub edərək növbəti dəfə kubokun sahibi olub.

Final matçında Ayşən 7 dəfə fərqlənib. O, bu xallardan 5-ni hücumda, 1-ni blokda, digərini də eyslə qazanıb. Abduləzimova hücumda 83 faiz nəticə ilə qarşılaşmada bu göstərici üzrə ən yaxşı oyunçu olub. Marqarita Stepanenko isə 15 xal qazanıb. O, 14 dəfə hücumda, 1 dəfə isə blokda fərqlənib.