Futbol üzrə Keniya milli komandasının da üzvü olan sol cinah vingeri Ayub Masika Azərbaycan təmsilçisi “Səbail”dən ayrılıb.
Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu bu barədə özünün “İnstagram” hesabında məlumat yayıb.
Afrikalı yarımmüdafiəçi paytaxt klubu ilə vidalaşıb.
Xatırladaq ki, Ayub Masika bu ilin yanvar ayından “Səbail”də çıxış edirdi. O, “dənizçilər”in heyətində 16 rəsmi oyunda meydana çıxıb və fərqlənə bilməyib.
Masika 2012-ci ilin oktyabr ayında debüt etdiyi Keniya yığmasının heyətində 28 oyun keçirib. Vinger bu görüşlərdə 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
“Səbail”in sabiq legioneri daha öncə “Lyers”, “Renhe”, “Genk”, “Buriram Yunayted”, “NJ Siti”, “Vissel Kobe”, “Lava Sprinq” və “Ridinq” kimi klubların da formasını geyinib.
“Səbail” Masikadan öncə Adil Nağıyev, Ağabala Ramazanov, Səlahət Ağayev, Vüqar Həsənov, Bahadur Həziyev, Rafael Məhərrəmli, Adi Mehremiç, Elmir Tağıyev və Pedro Nuno ilə də yollarını ayırmışdı.
Əvəzində paytaxt klubu Fərid Nəbiyev (“Turan Tovuz”), Nihad Quliyev (“Qarabağ”), Vüsal Məsimov (“Kəpəz”), Amir Bilali (“Qostivar”, Şimali Makedoniya), Dmitri Litvin (“Lusitaniya”, Portuqaliya), Qorka Larruçea (“Etar”, Bolqarıstan), Mert Çelik (“Başakşəhər”, Türkiyə), Gülağa Əsədov (“İmişli”), Əlirza Müştəbazadə (“Difau Ağsu”) və Ayman Buali (“Ümraniyəspor”, Türkiyə) ilə güclənib. Yusif Nəbiyev, Samir Abdullayev, Hüseynəli Quliyev, Rüfət Abdullazadə, Cabir Əmirli və Süleyman Əhmədovla da yeni müqavilə imzalanıb.