Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail”in sol cinah vingeri Ayub Masika Keniya milli komandasına çağırılıb.
Arena.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 31 yaşlı vinger komandasının Malavi, Zambiya və Zimbabve ilə beynəlxalq turnir çərçivəsində keçirəcəyi oyunlarda məşqçilər korpusunun sərəncamında olacaq.
Ayub Masika bu ilin yanvar ayından “Səbail”in formasını geyinir. Təcrübəli futbolçu “dənizçilər”in heyətində artıq 9 oyun keçirib. Amma o, bu görüşlərdə hələ fərqlənə bilməyib.
Masika 2012-ci ilin oktyabr ayında debüt etdiyi Keniya yığmasının heyətində 28 oyun keçirib. Vinger bu görüşlərdə 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
“Səbail”in legioneri daha öncə “Lyers”, “Renhe”, “Genk”, “Buriram Yunayted”, “NJ Siti”, “Vissel Koobe”, “Lava Sprinq” və “Ridinq” kimi klubların da formasını geyinib.