“Brentford”un mərkəz hücumçusu Ayvan Touni bundan sonra Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Əl-Əhli”nin mətbuat xidmətinə istinadən məlumat verir.
Keçid ərəb klubuna 42 milyon avro məbləğ müqabilində başa gəlib. İngilis futbolçu Səudiyyə Ərəbistanı klubu ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Ayvan Touni “Northempton”un yetirməsidir. Hücumçu karyerası ərzində “Nyukasl”, “Barnsli”, “Şrusberi”, “Skantorp Yunayted”, “Uiqan”, “Piterboro” və “Brentford”da çıxış edib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Touni “Brentford”un heyətində 17 oyuna 4 qol vurub və 2 məhsuldar ötürmə verib. İngilis hücumçunun “Brentford”un heyətində ümumi çıxışı 141 oyun, 72 qol və 23 məhsuldar ötürmədən ibarətdir.
Ayvan Touni 2023-cü ilin martında debüt etdiyi İngiltərə yığmasının heyətində 6 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
“Brentford” iki futbolçusunu da icarəyə göndərib. Hücumameyilli yarımmüdafiəçi Maylz Pirt-Harris “Suonsi Siti”yə keçib. Mərkəz yarımmüdafiəçisi Frank Onyeka isə Almaniyanın “Auqsburq” klubuna üz tutub. Onların hər ikisi bu mövsümün sonunadək icarədə olacaqlar. Müqavilələrdə satınalmaya dair şərtə nəzərdə tutulmayıb.
“Çelsi”nin yetirməsi olan Maylz Pirt-Harris 2021-ci ilin yayından formasını geyindiyi “Brentford”da cəmi 8 oyuna çıxıb. O, əvvəlki mövsümlərdə “Forest Qrin Rovers” və “Portsmut”da da icarədə olub.
Frank Onyeka isə 2021-ci ilin yayında 10 milyon avro müqabilində cəlb olunduğu “Brentford”da 78 oyun keçirib. 26 yaşlı nigeriyalı futbolçu bu oyunlarda 1 qol və 4 assistlə yadda qalıb.


