İngiltərənin “Brentford” komandasının hücumçusu Ayvan Touni bukmeker kontorlarına pul qoyuluşu etdiyi üçün sərt cəzalandırılıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
27 yaşlı forvard idman oyunlarında iştirak etdiyi üçün 8 ay müddətinə diskvalifikasiya olunub. Təcrübəli futbolçu, həmçinin, 50 min funt sterlinq məbləğində cərimə edilib. Diskvalifikasiya müddəti 2024-cü il yanvarın 16-da başa çatacaq. Klub və oyunçu qərardan apellyasiya şikayəti vermək hüququna malikdir.
Britaniya mətbuatının yazdığına görə, 26 yaşlı futbolçu ötən ilin sonlarında bukmeker kontorlarında çoxlu sayda pul qoyuluşları edib. İddiaya görə, futbolçu barədə 262 ittiham var. İngilis futbolçunun bu ittihamlardan əksərini qəbul etdiyi də bildirilir. Halbuki, İngiltərə Futbol Federasiyasının qaydalarına görə, futbolçuların və məşqçilərin bukmeker kontorlarında pul qoyuluşu etməsi qadağandır. Amma Touni bu qaydaları pozmaqla karyerasını təhlükəyə atıb.
Xatırladaq ki, Ayvan Touni 2020-ci ilin sentyabr ayından “Brentford”un uğurları üçün çalışır. O, bu mövsüm İngiltərə Premyer Liqasında meydana çıxdığı 33 oyunda 20 qola imza atıb. Futbolçu cari mövsümdə İngiltərə kubokunda da 2 matç keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bütövlükdə isə o, bu klubun heyətində 124 matça çıxıb, 68 qol və 21 məhsuldar ötürmə müəllifi olub.
Touni “Piterboro Yunayted”, “Northempton Taun”, “Skantorp Yunayted”, “Uiqan”, “Şrusberi Taun”, “Barnsli”, “Nyukasl” kimi klubların da formasını geyinib.
Son mövsümlərdə yüksəlişdə olan hücumçu bu ilin mart ayında İngiltərə milli komandasında da ilk rəsmi matçını keçirmişdi.