21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlama verib.
Arena.az xəbər verir ki, 43 yaşlı mütəxəssis millimizin hazırda Bakıda təşkil olunmuş təlim-məşq toplanışı barədə fikirlərini bildirib.
Ayxan Abbasov əvvəlcə Azərbaycanın əsas milli komandasına qarşı keçirdikləri yoxlama oyunu (0:3) ilə bağlı təəssüratlarını bölüşüb:
“Məşq xarakterli yoxlama oyununun keçirilməsinə görə, əsas millinin baş məşqçisi Fernando Santosa təşəkkür edirəm. Biz tam heyətlə olsaq da, əsas millinin bəzi üzvləri Azərbaycan Kubokunun final oyununda iştirak etdikləri üçün düşərgədə deyildilər. Hərəsi 35 dəqiqə olmaqla iki hissə oynanıldı, hər iki komanda bütün futbolçuları sınaqdan keçirdi. Əsas millinin oyunçuları ilə meydanda olmaq futbolçularımız üçün əlavə motivasiya idi. Belə yoxlama matçlarının baş tutması futbolçuların xeyrinədir”.
U-21 millimiz hazırlıq çərçivəsində iyunun 4-də Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək. Ayxan Abbasov həmin qarşılaşmalarda məqsədin qələbə qazanmaq olacağını deyib:
“Bu, bizim U-21 millisində ikinci hazırlığımızdır. İlk təlim-məşq toplanışımız Antalyada təşkil olunmuşdu. Heyətdə bəzi yeni oyunçular var. Hər toplanışda komanda olaraq daha da artırmaq istəyirik. Yoxlama görüşlərində üz-üzə gələcəyimiz rəqiblərin reytinqdə öndə olması bizim üçün yaxşıdır. Güclü komandalara qarşı çıxış etməyin yalnız müsbət təsiri olur. Belarusla səfərdə, Monteneqro ilə evdə qarşılaşacağıq. Seçmə mərhələdə ev-səfər oyunlarının olacağını nəzərə alsaq, buna öyrəşməliyik. Hər iki görüşdə qələbə qazanmaq üçün mübarizə aparacağıq. Futbolçular meydanda maksimum nəticəyə köklənməlidirlər. Bu matçlar həm də oyunçuların beynəlxalq təcrübə qazanmalarına kömək olacaq”.
Ayxan Abbasov Belarus və Monteneqro yığmalarını təhlil etdiklərini vurğulayıb: “Rəqiblər barədə yalnız xoş sözlər deyə bilərəm. Belarusun son iki yoldaşlıq görüşünü izləmişəm. Antalyada Şimali Makedoniya, İstanbulda isə Türkiyə yığmasına qalib gəliblər. Onların, xüsusən də, U-21 komandası son illər çox inkişaf edib. Monteneqronun futbolçuları isə əsasən digər ölkələrdə legioner həyatı yaşayırlar. Bir sözlə, maraqlı rəqiblərdir. Belə komandalarla qarşılaşmaq bizim inkişafımıza yardım edəcək”.


