Ayxan Abbasov 200-ə çatdı, 13-cü oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasının 6-cı turu “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Azərbaycan çempionatlarında baş məşqçi kimi 200-cü dəfə komandasını meydana çıxarıb.

Bu, “Sumqayıt”la qarşılaşmaya təsadüf edib. “Şamaxı” baş məşqçisinin yubiley matçında doğma meydanda 1:0 hesablı qələbəyə imza atıb.

Abbasov karyerası ərzində dörd klubda çalışıb. O, Premyer Liqada “Zirə”ni 44, “Sumqayıt”ı 79, “Turan Tovuz”u 72, “Şamaxı”nı 5 görüşə çıxarıb. Mütəxəssisin komandaları 67 qələbə qazanıb, 55 heç-heçə edib və 78 dəfə uduzub.

Qeyd edək ki, Ayxan Abbasov Azərbaycan çempionatları tarixində 200 və daha çox matça baş məşqçi kimi çıxan 13-cü mütəxəssisdir.