Ayxan Abbasov Belarusa məğlubiyyətə aydınlıq gətirdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Belarus yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, U-21 millimiz bu gün Baranoviçi şəhər stadionunda Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə yoxlama oyunu keçirib.

Komandamız bu görüşdə hesabı açan tərəf olsa da, yekunda 1:3 hesablı məğlubiyyətə üzülüb. Ayxan Abbasov matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Məğlubiyyət üzücü oldu. Ancaq belə oyunların təşkili bizim üçün vacibdir. Futbolçularımız səfər matçlarında yerli azarkeşlərin təzyiqi altında çıxış etməyə öyrəşməlidirlər. Belarus millisinin öz meydanında daha yaxşı oynamağa çalışacağını gözləyirdik. İlk 35 dəqiqədə bizdə hər şey alınırdı. Qol vurduq, ikinci qol üçün şansımız oldu. Təəssüf ki, Raul Məmmədovun zədələnməsindən sonra birinci hissənin son 10 dəqiqəsində rəqib üstünlüyə yiyələndi və iki qol vurdu. İkinci hissədə nələrisə dəyişmək və hamıya şans vermək istədik. Belədə istər-istəməz temp aşağı düşür. Bizim üçün bir sınaq idi, bundan nəticə çıxaracağıq. Səhvlərimiz üzərində işləyərək Monteneqro ilə qarşıdakı görüşə hazırlaşacağıq. İlk 35 dəqiqədəki yüksək templi oyunumuz gələcək üçün ümid verdi”.

Xatırladaq ki, U-21 millimiz iyunun 8-də, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro yığması ilə də yoxlama görüşü keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: