21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Monteneqroya qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, U-21 millimiz bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro yığması ilə üz-üzə gəlib.
Qarşılaşmada qalib müəyyənləşməyib. Tərəflər meydanı qolsuz tərk ediblər.
Ayxan Abbasov matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“İlk olaraq bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Bu şəhərdə çıxış etmək çox gözəl idi. Toplanış çərçivəsində keçirdiyimiz iki oyun qarşıdakı rəsmi matçlara hazırlaşmağa hesablanmışdı. Bu gün futbolçularım öz bacarıqlarını göstərdilər. Onlara təşəkkür edirəm. Məncə, pis nəticə olmadı. Belarusla səfərdəki görüşdə də məğlub olmaya bilərdik. Heyətimizdə rəqiblə müqayisədə daha aşağı yaş qrupundan olan uşaqlar çoxluq təşkil edirdi. Bu, bizi sevindirir, gələcəyə nikbin baxmağa imkan verir. Hələ işin başlanğıcındayıq. Futbolçuların necə çıxış etmələri klublarında oynamalarından asılı olacaq. Milliyə hazır vəziyyətdə gələndə bizə də asan olur. İstədiyimiz oyun var. Antalya toplanışı ilə müqayisədə yaxşılığa doğru dəyişiklik hiss olunur. Əsas odur ki, futbolçular meydançada nə etmək lazım olduğunu bilirlər. Qısa müddətdə olan inkişaf məni sevindirir”.
Xatırladaq ki, U-21 millimiz toplanış çərçivəsində ilk yoxlama görüşünü səfərdə Belarus yığmasına (1:3) qarşı keçirmişdi.


