“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 26-cı turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları dilə gətirib:
“Azarkeşlərimizi, rəhbərliyimizi, futbolçularımı təbrik edirəm. Mühüm qələbə idi. Bu gün şəhidimizi yad etdik. Ailəsinə səbr diləyirəm. Onlar bizim fəxrimizdirlər. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Hər iki komanda üst sıralardan qopmamaq istəyirdi. Stresli oyun idi. Bəlkə də buna görə hücumda kəsərli ola bilmirdik. Birinci hissədə “Araz-Naxçıvan” yaxşı kompakt müdafiə olunurdu. Çətinlik çəkirdik. İkinci hissədə dəyişikliklər etdik. Əvvəllər çatışmayan bir məqam var idi ki, belə oyunlarda sona qədər səbrli olub vaxtımızı gözləyə bilmirdik. Bu oyunda bunu gördüm. Bir neçə oyun olub ki, qol buraxmışıq, tələsmişik. Oyun intizamı önəmlidir. Futbolçularım tapşırıqların öhdəsindən gəldilər. Üçüncü dövrə bitir. Son oyunumuz qalıb. Ondan sonra fasilə olacaq. İtkilərimiz, zədəlilərimiz var. Bəzi oyunçularımız zədədən qayıdıblar deyə, hazır deyillər. Bir məşqlə dincəldib oyuna çıxarırıq. Son oyunu da oynayıb, fasilədən sonra zədəlilərimizin hamısının qayıtmasına ümid edirik. Dördüncü dövrə çox çətin keçəcək”.
Ayxan Abbasov bu mövsüm “Araz-Naxçıvan”la oyunların hamısından qalib ayrılmalarına da şərh verib:
“Olur belə şeylər. Bizim də qalib gələ bilmədiyimiz komandalar var. Konkret bir səbəb deyə bilmərəm. Amma buna görə sevinirəm”.
Baş məşqçi bu oyunda dubla imza atan Aleks Souzadan da bəhs edib: “Aleks tam hazır deyil, zədəsi var idi. Keçən oyunda da risk etdik. Bu gün Xəyal da zədədən sonra ilk dəfə oynadı. Özünü yaxşı göstərdi”.
Azər Bağırov yenə hakimlikdən şikayətləndi
“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Maraqlı oyun oldu. Bundan sonra meydanda hakimlərlə də oynamalıyıq. Meydanda VAR da çağıra bilər, epizodlar da ola bilər. Amma eyni şeylər təkrarlanır. Hər şey komandamızın əksinədir. VAR çağırır, baş hakim baxır və qərarırını dəyişmir. Biz də insanıq, necə edək, necə oynayaq? Nuno və Nicatın epizodlarına baxın, cəriməyə oxşar nüanslar var.
“Turan Tovuz”u arzuolunmaz rəqib adlandırmazdım, sadəcə, məğlub olmuşuq. Hətta birinci və ikinci oyunda pis oynamdıq. Bu matçda da uşaqlardan razı qaldım. Üstünlük biz tərəfdə idi, sadəcə, bu cür emosional vəziyyətlə çox davam etmək olmur, biz də insanıq.
Ola bilər, bəzi futbolçularımızda eniş olsun, amma bir neçəsində də yüksəliş var. Komandalar qış fasiləsində gücləndilər, heyətləri geniş olduğuna görə rotasiyalar etmək imkanı qazandılar. Meydana daxil olan futbolçuları komandalarını gücləndirməyi bacarırlar.
Bura qədər öz əziyyətimlə gəlmişəm. Futbolçularla anlaşmada da heç bir problemimiz yoxdur. Meydanda uşaqlar vuruşursa, deməli, biz təslim olmadıq, tərkisilah etdilər”.