Ayxan Abbasov: “Buna ehtiyacımız var idi”

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 30-cu turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:1 hesablı əzmkar qələbəyə sevindikləri səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qəbələ” də bu gün qalib gəlmək istəyirdi, çox aqressiv idilər. Biz də xal qazanmaq istəyirdik. Burada oynamaq bir az çətindir. Bu gün futbolçularım əzmkarlıq göstərdilər. Çempionatın sonudur, psixoloji savaş da gedir. İlk dəqiqələrdə yaxşı imkanımız oldu. Bəlkə də qolu vursaydıq, daha rahat olardıq. Mərkəzdə bir səhvdən sonra rəqibə qol fürsəti verdik. İkinci hissədə riskə getdik. Sevinirəm ki, geridönüş etdik. Buna ehtiyacımız var idi. Futbolçularda özünəinam artır.

Növbəti turda “Sumqayıt”la 6 xallıq oyun var. Xəyal Nəcəfov bu oyunu buraxacaq. Bu gün dayaq yarımmüdafiəçisi olmadan oynayırdıq. “Sumqayıt”la matç tamam başqa cür olacaq. Nəsə dəyişiklik edə bilərik. Əlimizdə yaxşı hücumçular var. Buna çox sevinirəm. Məşqlərdə tətbiq etdiklərimizi bu gün reallaşdıra bildik. “Sumqayıt”ın özünəməxsus oyun üslubu var. Çətin olacaq. Evdə oynamağın üstünlüyündən istifadə etməyə çalışacağıq”.

Ayxan Abbasov qollarını sıralayan Aleks Sozuanın performansından da söz açıb: “Bizimlə üç illik müqaviləsi var. İstedadlı futbolçudur. Hələ bir az da artıra bilər. Aleks özünü tovuzlu kimi aparır”.

“Kimsə mənə pis məşqçi olduğumu desə…” – Sxadadze

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Deyiləcək çox şey yoxdur. Oyunu uduzduq. Xarakter göstərmək lazımdır. Meydana sonradan daxil olanlar komanda üçün, üç xala görə döyüşməlidir. Amma heç nə alınmadı. Buraxdığımız qollar sadəcə mümkünsüzdür. Birinci top hava ötürmələrindən sonra vuruldu. İkinci qolu ümumiyyətlə başa düşmədim. Rəqib dörd futbolçunu keçdi, sanki onu müşayiət edirdilər. Qapıçı da elə bil öz qapımıza qol vurdu. Belə oyunlar uduzulmamalıdır. Çox şadıq ki, gənc futbolçu Şahin Şahniyarov oyunu ilə etimadı doğruldur. O, yaxşı keyfiyyətlərə malikdir. 20 illik təcrübəyə malik futbolçu kimi oynayır. Futbolçularla daim müzakirələr aparırıq. Hər şeyi olduğu kimi deyirik. Mən hər şeyin insanın üzünə deyilməsinin tərəfdarıyam. Kimsə mənə pis məşqçi olduğumu desə, əsəbləşərəm, ona yaxşı məşqçi olduğumu sübut edərəm. Oyunçular da yaxşı olduqlarını sübut etməlidirlər. Zəif adamlar tez ruhdan düşürlər”.

Xəbəri sosial şəbəkələrdə paylaş: