Ayxan Abbasov: “Həm uduza, həm də qalib gələ bilərdik”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“27 sentyabrla əlaqədar şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimizə borcluyuq. Bu gün çempionatımızın rahat keçməsi onların əziyyətinin nəticəsidir.

Bu gün həm uduza, həm də qalib gələ bilərdik. Çünki matç çox sürətli keçirdi. “Qəbələ”nin bu gün bu qədər pressinqlərinə sinə gərmək çox əziyyətli idi. Hər iki komandanın imkanları olsa da, qol çatmadı. Bu tempi çoxdandır görmürdük. Hər bir xal önəmlidir. Futbolçulara təşəkkür edirəm.

Son oyunlar zamanı üstünlük rəqiblərdə olur. Təqvim də bizim üçün bir qədər çətindir. Rəqiblərimizlə müqayisədə daha az istirahət imkanımız olur. Növbəti görüşümüzü bir gün gec tarixə salmaq olardı. Peşəkar Futbol Liqası ilə hər bir işdə məsləhətləşsək də, son sözü onlar deyir. Yəqin ki, bu dəfə gözdən qaçıb. Növbəti oyunumuzu oktyabrın 1-də yox, 2-də keçirə bilərdik. Biz az dincələn komanda oluruq. Belə məsələlərə diqqət etmək lazımdır.

Yardımçı meydanlar hələ tam hazır deyil. Əsas meydanda da məşq etməyə risk etmək istəmirik. “Zirə” ilə növbəti tur qarşılaşmasına da Bakıda hazırlaşacağıq. Burada hər cür şəraitimiz var. Amma kənarda məşq etmək bizə çətin olur.

Bu oyunda zədələnən Elvin Bədəlovun vəziyyəti ciddiyə bənzəyir. Onu hazırkı durumda itirmək yaxşı hal deyil. Eyni zamanda Əli Qurbaninin əzələsində dartılma olub. Yəqin ki, iki həftə bizimlə olmayacaq. Qurbaninin olmaması bizə çətinlik yaradır. Amma meydana buraxdığımız digər hücumçular da təhlükəli vəziyyətlərə girə bilirlər”.