Ayxan Abbasov: “Hücumların sonunu gətirə bilmədik”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 6-cı turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Məğlub olmaq çox üzücüdür. Çempionatın bu yerində xal lazım idi. Ruhdan düşməməliyik. Bilirsiniz ki, qarşıda hələ 3 dövrə var. Oyuna istədiyimiz kimi başlamışdıq, amma cüzi diqqətsizlikdən qol buraxdıq. Hər iki komandanın hücumları oldu. Rəqibdən fərqli, biz istədiyimiz sonluğu gətirə bilmədik. Bəzi futbolçularımız tam formasında deyil, itkilərimiz var. Bu məğlubiyyətdən dərs çıxarmalıyıq.

Səid Rzanı məndən başqa kim bəyənə bilər ki? Başqa seçimimiz olmadığı üçün Səidi oynadırıq. Hələ tam formasında deyil, epizoda girir, qaçır. Peyman Babayi də ilk gələndə bir az eniş yaşadı, amma sonradan qollar vurdu. Səiddə nəsə görüb çağırmışıq. Ola bilməz ki, effekt verməsin. Hər transfer uğurlu alınacaq deyə bir şey yoxdur. Futboldur, Səidə ümidimiz böyükdür.

Biz digər klublara nisbətən az istirahət etdik. Bu sözümü yozdular, bizi İngiltərə klubları ilə müqayisə etdilər. Bu gün meydanda oyunçuların yorulduğunu gördüm. Hücumların sonunu gətirə bilmədik. Hər dəfə eyni səviyyədə oynamaq olmur. Ötən il 4-5 oyun uda bilmirdik, amma sonradan digər komandalara çatdıq. Futbolda eniş də olur”.

Xəbəri sosial şəbəkələrdə paylaş: