Ayxan Abbasov: “İlk hissədəki oyunumuzdan narazı qaldım”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun olacağını gözləyirdik. Bilirdik ki, “Sabah” sonuncu pillədən qurtulmaq istəyir, yaralı aslan kimidir. Heyətdə itkilərimiz var idi. Sıx qrafik səbəbindən oyunun sonlarında yorğunluq da özünü göstərdi. İlk hissədə sərgilədiyimiz oyundan narazı qaldım.

Heyətimizdə gənc futbolçular çoxdur. Vacib futbolçular var ki, onlar zədələndə yerlərini doldurmaq çətin olur”.

Baş məşqçi ilk yarıda zəif təsir bağışlayan Süleyman Əhmədovla Elvin Bədəlov barədə bunları söyləyib:

“Bəzən futbolçu oyuna qoşula bilmir. Süleyman Əhmədov ağır zədədən qayıdıb. İlk hissədə problemimiz yox idi, sadəcə, elə səhvlər edirik ki, bunu etməməliyik. Müasir futbolda gərək bütün detallara fikir verəsən. Elvin Bədəlovla Süleyman Əhmədovun oyunu ilk hissədə alınmasa da, ikinci hissədə pis təsir bağışlamadılar”.

Ayxan Abbasov Xəyal Nəcəfovun bu oyunda start heyətdə meydana çıxmamasına da münasibət bildirib: “Xəyal Messi deyil ki (gülür). O da əksər oyunlarda 90 dəqiqə meydanda olur. Zədələnməsindən ehtiyat edirik. İstədik bu oyunda dincəlsin. Sonradan meydana girən oyunçular komandaya yaxşı güc qatdılar.

Sıx qrafik bizə ciddi təsir edir. Elə maliyyə imkanımız da yoxdur ki, gedək gecəylə transfer edək. Qarşıda bizi çətin oyunlar gözləyir. Son turlara qədər gərgin mübarizə davam edəcək. Biz də sonadək mübarizə aparacağıq”.