“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü “Şamaxı”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Mühüm qələbədir. Çempionatda ən vacib xallarımızı qazandıq. Çünki rəqib “Qarabağ” səfərindən 3 xalla qayıtmışdı, yaxşı motivasiyaları var idi. Ötən turda üzücü məğlubiyyət almışdıq. Amma buna baxmayaraq, futbolçularımın reaksiyası xoşuma gəldi. Onları təbrik edirəm. Yolumuza davam edirik.
Bilirdik ki, ikinci hissədə rəqib üstümüzə gələcək. Ötən oyun 0:4 hesabla uduzmağımıza baxmayaraq, ən yaxşı oyunlarımızdan biri idi. Məğlub olduqdan sonra yaxşı təhlillər apardıq. Şanslarımız olur, dəyərləndirə bilmirdik.
Təəssüf ki, bu gün bizdə oyuna yox, nəticələrə üstünlük verilir. Amma biz oyunçu yetişdirmək istəyirik. Gənc oyunçuları qazandırmağa çalışırıq, bunun üzərində işləyirik.
Biz məğlub olan kimi milli komanda amili qabardılır, gərək məğlub olmayaq. İnanın ki, mən fasilədə öz istirahətimi bütövlükdə milliyə həsr etdim.
İtkilər olacaq. Rikardo gələn oyunda olmayacaq. Dördüncü sarı vərəqəsini aldı bu gün. İnanın ki, vaxt axtarıram Abdulla Rzayevi meydana buraxam. Bu gün ən yaxşılardan biri idi. “Qarabağ”la kubok matçında olacaq-olmayacaq, hələ bilmirəm”.


