“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 19-cu turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş oyunu meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Üzücü məğlubiyyət oldu. Hava şəraitini nəzərə alsaq, meydanda xarakter göstərmək lazım idi. İlk hissə daha çətin keçdi. İkinci hissədə bir az hava düzəldi. Ümumən, pis mübarizə aparmadıq. Rəqibimiz “Qarabağ” idi. Ən böyük problemimiz oyunun sonlarında qollar buraxmağımızdır. Futbolçulara bununla bağlı xəbərdarlıq edirik. Təəssüf… Orada elə böyük epizod da yox idi. Təəssüf ki, boşluq verdik. Yenə də mübarizələrinə görə uşaqlara təşəkkür edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq.
“Qarabağ”la kubokun cavab matçında da üz-üzə gələcəyik. Oynadıqca bir-birimizi daha yaxşı tanıyırıq. “Qarabağ”a qarşı aqressiyasız oynamaq mümkünsüzdür. Bütün oyunlarda bu formada olmaq istəyirik. Bəzi matçlarda alınmır. Aqressivlik kubokun cavab oyununda bundan çox olmalıdır”.
Abbasov əvəzetmələrinin uğursuz adlandırılmasına da münasibət bildirib:
“Oruc Məmmədov özü əvəzlənmək istədi. Kərim Rossi yorulmuşdu. Oyuna girən futbolçuların səhvi yox idi. Səhv müdafiədə idi. Müdafiə xəttinə əl dəymədik”.


