“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Ən kritik oyunda önəmli qələbə qazandıq. Rəqib xal qazansaydı, bu, bizə çətin anlar yaşada bilərdi. İkinci hissədə futbolçularımız üstün, taktiki cəhətdən düzgün oynadılar. Komandamı və azarkeşlərimizi təbrik edirəm. Bu mövsüm ilk dəfə “Qəbələ”ni məğlub edə bildik. Sonadək vuruşacağıq.
“Qarabağ”a 1:4 hesabı ilə uduzduğumuz oyunda da bəzi ümidverici məqamlar var idi. Belə məğlubiyyətlərdən sonra komandanın toparlanması, ruhunun yerində olması önəmlidir. Məncə, çətin vəziyyətdən çıxa bildik.
Camaləddin Xocaniyazovun vəziyyətinə sabah aydınlıq gələcək. Əzələ dartılmasına oxşayır. Ümid edirik ki, zədəsi iki həftədən çox çəkməyəcək.
Rəhim Sadıxov Ukrayna klubundan təklif alıb? Onun bizimlə müqaviləsi var. Bizə onun Ukrayna klubundan təklif alması deyilməyib. Hansı klub istəsə, ilk növbədə, bizə müraciət etməlidir.
Komandada kimin qalıb-qalmaması büdcədən asılıdır. Bu gün hansısa futbolçuya rahatlıqla qalmasını təklif edə bilmirik. Çempionat bitdikdən sonra rəhbərliklə söhbət edəcəyik”.


