Ayxan Abbasov: “Onlar bizdə legioner sayılmamalıdır”

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 22-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Gərgin oyun idi. Evdə seriyamızı davam etdirmək istəyirdik. Azarkeşlərə təşəkkür edirəm, möhtəşəm idilər. 12-ci oyunçu bu gün öz sözünü dedi. Futbolçularda bir az basqı var idi. Çalışdıq ki, oyun nəzarətimizdə olsun. Bu gün lazımsız dəqiqədə qol buraxdıq. Amma bütövlükdə oyun nəzarətimizdə idi. Futbolçularıma təşəkkür edirəm.

İstədiklərimizi yavaş-yavaş görə bilirik. Yuxarı pillələrdə ola bilərik. Düzgün təhlil etsək, görərik ki, klub olaraq irəliləyiş var. Futbolçular basqını üzərlərindən ata biliblər. Artıq evdə ev sahibi kimi oynaya bilirik. Yeni gələn oyunçuların uyğunlaşması baxımından da irəliləyiş var. Bu işlər görüldükcə nəticə gələcək. Azarkeş hər zaman daha yaxşısını istəyir. Onları başa düşürük. Amma bizim planımız var. Pillə-pillə irəli getmək istəyirik. Bəzi məqammlar var ki, bunların düzəlməsi üçün vaxt lazımdır”.

Ayxan Abbasov komandanın yeni transferlərindən olan Aleks Souzanın ardıcıl qollar vurmasına da toxunub və başqa ölkələrdə doğulan azərbaycanlı futbolçuların çempionatımızda legioner sayılmasına qarşı çıxıb:

“Aleksi yayda transfer etmək istəyiridik, alınmadı. Gəncdir, istiqanlıdır. Komandada özünü elə aparır ki, sanki əsl tovuzludur. Amma tələsmək lazım deyil. Bu tempi saxlamaq çətin olacaq. Futbol çox çətin və maraqlıdır. Potensiallı futbolçudur. Ondan çox şey gözləyirik.

Mənim təklifim odur ki, kənardakı azərbaycanlı futbolçular legioner sayılmasın. Türkiyəyə baxaq. Almaniyada doğulan oyunçular yerli statusla çıxış edirlər. Eldar Quliyev, Ayxan Hüseynov zatən azərbaycanlıdır. Biz onlara yerli statusu verməliyik. Bu futbolçuları qazanmaq lazımdır. Digər ölkələrin akademiyasında böyüyüblər. Bizim uşaqlarla onlar arasında fərq də hiss olunur”.

“Tək hücumda yox, müdafiədə də problemlərimiz var”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev isə komandasının növbəti məğlubiyyəti barədə bunları söyləyib:

“Çətin oyun alındı. İki fərqli hissə izlədik. Birinci yarı daha çox rəqibin üstünlüyü ilə keçdi. İkinci hissədə oyunda dönüş yaratmağa çalışdıq, amma sonda bərabərlik qolunu vura bilmədik. Sonuncu pillədəyik. Bilirik ki, son sıranı tərk etmək üçün nəyi isə düzəltməliyik. Üç gündən bir oynamağımız təsirsiz ötüşmədi. Amma tək biz deyilik. Hər iki turnirdə oynamaq istəyirsənsə, bu problemlə üzləşəcəksən. Lakin zədəli və cəzalı futbolçular olduğu üçün rotasiyalar edə bilmədik. Komandamızın toparlanacağlna və qarşıdakı görüşlərdə daha uğurlu olacağına inanırıq. Tək hücumda yox, müdafiədə də problemlərimiz var. Cəzalı və zədəli oyunçularımız heyətə dönəndən sonra tam fərqli olacağıq. Bütün futbolçular olanda, rəqabət də artır. Futbolçular bu gün əllərindən gələni etməyə çalışırdılar”.