Ayxan Abbasov rəsmən “Şamaxı”da!

2023/2024 mövsümü bitən kimi “Turan Tovuz”dan ayrılmaq məcburiyyətində qalan Ayxan Abbasov “Şamaxı”nın baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Şamaxının eyniadlı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Şamaxı” klubu bu gün yeni baş məşqçisinin adını açıqlayıb. Gözlənildiyi kimi, komanda Ayxan Abbasova tapşırılıb. O, bu postda Ramiz Məmmədovu əvəzləyib. 42 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Amma böyük ehtimalla tərəflər bir mövsümlük anlaşıblar.

Xatırladaq ki, “Şamaxı”nı ötən ilin sonlarından etibarən Ramiz Məmmədov çalışdırırdı. Hansı ki, o, komandanı Birinci Liqanın qalibi edib və Premyer Liqaya çıxarıb. Amma klub rəhbərliyi mövsüm bitən kimi Ramiz Məmmədovun klub strukturunda çalışmasının daha faydalı olduğunu üstün tutaraq yeni baş məşqçi axtarışına çıxmışdı.

Ayxan Abbasov isə 2022-ci ilin iyul ayından “Turan Tovuz”a rəhbərlik edirdi. Onun klubla 2024-cü ilin dekabr ayına kimi müqaviləsi var idi. Lakin Tovuz klubunun rəhbərliyi növbəti mövsümlə bağlı daha iddialı planlar qurduğu üçün, onu postunda saxlamağa ehtiyac görməyib. Məlum olduğu kimi, “Turan Tovuz”a da bundan sonra rusiyalı mütəxəssis Kurban Berdıyev rəhbərlik edəcək.

“Turan Tovuz” Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasının geridə qalmış 2023/2024 mövsümünü 48 xalla 10 iştirakçı arasında 6-cı pillədə başa vurub. Komanda keçirdiyi 36 oyunda 13 qələbə qazanıb, 9 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.

Tovuz təmsilçisi Ayxan Abbasovun dönəmində 79 rəsmi matça çıxıb. Bu görüşlərdə 27 qələbə, 19 heç-heçə, 33 məğlubiyyət qeydə alınıb. Top fərqi isə 101:100 nisbətindədir.

Xatırladaq ki, 42 yaşlı mütəxəssis “Turan Tovuz”dan öncə “Sumqayıt” və “Zirə”yə də rəhbərlik edib.