Ayxan Abbasov “Şamaxı” ilə neçə illik müqavilə bağlayıb?

2024/2025 mövsümündə Premyer Liqada mübarizə aparacaq “Şamaxı” yeni baş məşqçisi Ayxan Abbasov ilə müqavilənin müddətini açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə Şamaxının eyniadlı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klub rəhbərliyi davam edən danışıqlardan sonra Ayxan Abbasovla razılığa gəlib. Yeni baş məşqçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ayxan Abbasov bu postda Ramiz Məmmədovu əvəzləyib. “Şamaxı”nı ötən ilin sonlarından etibarən məhz Ramiz Məmmədov çalışdırırdı. Hansı ki, o, komandanı Birinci Liqanın qalibi etmiş və Premyer Liqaya çıxarmışdı. Amma klub rəhbərliyi mövsüm bitən kimi Ramiz Məmmədovun klub strukturunda çalışmasının daha faydalı olduğunu üstün tutaraq yeni baş məşqçi axtarışına çıxmışdı.

Ayxan Abbasov isə 2022-ci ilin iyul ayından “Turan Tovuz”a rəhbərlik edirdi. Onun klubla 2024-cü ilin dekabr ayına kimi müqaviləsi var idi. Lakin Tovuz klubunun rəhbərliyi növbəti mövsümlə bağlı daha iddialı planlar qurduğu üçün, onu postunda saxlamağa ehtiyac görməyib. Məlum olduğu kimi, “Turan Tovuz”a da bundan sonra rusiyalı mütəxəssis Kurban Berdıyev rəhbərlik edəcək.

“Turan Tovuz” Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasının geridə qalmış 2023/2024 mövsümünü 48 xalla 10 iştirakçı arasında 6-cı pillədə başa vurub. Komanda keçirdiyi 36 oyunda 13 qələbə qazanıb, 9 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb.

Tovuz təmsilçisi Ayxan Abbasovun dönəmində 79 rəsmi matça çıxıb. Bu görüşlərdə 27 qələbə, 19 heç-heçə, 33 məğlubiyyət qeydə alınıb. Top fərqi isə 101:100 nisbətindədir.

Xatırladaq ki, 42 yaşlı mütəxəssis “Turan Tovuz”dan öncə “Sumqayıt” və “Zirə”yə də rəhbərlik edib.