Ayxan Abbasov “Utrext”in baş məşqçisi ilə görüşdü

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov və Tovuz klubunun digər rəsmilərinin Niderlanda səfəri başa çatıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlum olduğu kimi, Tovuz təmsilçisinin İdarə Heyətinin üzvləri Əli Balakişiyev, Səməd Nəsibov, əsas komandanın baş məşqçisi Ayxan Abbasov, köməkçi məşqçisi Elnur Çodarov və akademiya koordinatoru Rasim Əliyev bir neçə gün idi Niderlandda səfərdə idilər.

Onlar PSV və “Feyenoord”dan sonra üçüncü klubun – “Utrext”in düşərgəsində olublar. Akademiya koordinatorlarından olan Rik van der Horst 3 ayrı prezentasiya, slayd və köməkçi videomateriallardan istifadə edərək detallı təqdimat nümayiş etdirib. Təqdimatda akademiyanın iş prinsipinin və fəlsəfəsinin təşkili, struktur, təşkilatlanma, uşaqların fərdi və komanda şəklində inkişaf strategiyasının hazırlanması barədə geniş məlumat verilib. Geniş fikir mübadiləsi zamanı koordinator sualları cavablandırıb. Daha sonra nümayəndələr akademiya komandalarının məşqlərində iştirak ediblər. “Turan Tovuz” akademiyasının koordinatoru Rasim Əliyev məşqlərdə xüsusi qeydlər götürüb. Daha sonra nümayəndələr “Utrext”in baş məşqçisi Ron Yansla bir araya gəliblər. Baş məşqçi Ayxan Abbasovla uzunmüddətli görüşdə geniş və ətraflı fikir mübadiləsi aparılıb. Təcrübəli niderlandlı mütəxəssis əsas komandanın fiziki, taktiki, psixoloji hazırlığı, eləcə də həftəlik məşq proqramlarının tərtibi, oyun və rəqib analizlərinin aparılması barədə geniş məlumat verib. Səfərin sonunda nümayəndələr “Utrext”in əsas komandası və akademiyasının ixtiyarına verilən infrastrukturla tanış olublar.

Tovuz klubunun strategiyasına uyğun olaraq, beynəlxalq təcrubə toplamaq və əlaqələri gücləndirmək üçün belə səfərlərin mütəmadi təşkil olunması nəzərdə tutulub.