Azər Əliyev rəsmən “Tambov”da!

Ötən ilin son günlərində Rusiyanın “Ufa” klubu ilə yollarını ayıran Azər Əliyev özünə yeni komanda tapıb.

Arena.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Premyer Liqanın digər təmsilçisi “Tambov”a keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu müqavilənin müddəti və digər detalları açıqlanmayıb. O, yeni komandasında “7” nömrəli formanı seçib.

Azər artıq yeni komandasında debüt etməyə də imkan tapıb. Yarımmüdafiəçi Premyer Liqanın 20-ci turu çərçivəsində keçirilən “Tambov” – “Rotor” matçının (1:3) iştirakçısı olub. 18-ci dəqiqədə meydana buraxılan azərbaycanlı futbolçu, 41-ci dəqiqədə komandasının yeganə qolunun məhsuldar ötürməsini edib.

“Tambov” bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 20 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, Azər Əliyev 2018-ci ilin avqustundan 2020-ci ilin dekabrına qədər “Ufa”nın uğurları üçün çalışıb. Başqırdıstan təmsilçisində 51 oyun keçirən futbolçu, 2 qola da imza atıb. O, Rusiyada daha öncə “Krılya Sovetov”, “Saxalin” və “Yenisey” klublarının da uğurları üçün çalışıb.

Azərin zaman-zaman Azərbaycan yığmasında iştirakına dair də müxtəlif xəbərlər yayılıb. Hətta AFFA rəhbərliyinin onu millimizə dəvət etmək üçün danışıqlar apardığı da bildirilib. Lakin yarımmüdafiəçi böyük ehtimalla Rusiya çempionatında legioner sayılacağı halda heyətə düşməkdə çətinlik çəkəcəyini düşündüyü üçün bu təklifi müsbət cavablandırmayıb. Hansı ki, bu cür qərar verən digər azərbaycanlı futbolçular da az olmayıb. Əliyevin bundan sonra millimizlə bağlı qərarını dəyişib-dəyişməyəcəyini isə zaman göstərəcək.