“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatmış matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyun keçdi. Ümumi götürsək, səfərdə 1 xal pis deyil. Amma 2:1 öndə idik, hesabı qoruya bilərdik. Epizodlarımız oldu, fərqi artıra da bilərdik. Mənə elə gəlir ki, bu gün 2 xal itirdik.
3-4 gündən bir keçirilən oyunlar futbolçulara fiziki cəhətdən pis təsir edir. Heyətimiz elə də geniş deyil ki, böyük dəyişikliklər edək. Məhəmməd Kadirini fasilədə əvəzlədik. Oyun planında mərkəzdə 2-3 gecikməsi oldu. Rəqib ondan top almaq istəyirdi. 4 gün bundan əvvəl yaxşı oyun keçirib. İstədik ki, ikinci hissədə sürəti artıraq. Onun yerinə Vanderson Melonu oyuna buraxdıq. Mənə elə gəlir ki, pis dəyişiklik olmadı”.
Azər Bağırov bu mövsüm “Səbail”ə qalib gələ bilməmələrinə də aydınlıq gətirib: “İlk oyunda hakim səhvi var idi. 45-ci dəqiqədə qapımıza penalti verdi. Bu gün ciddi hakim səhvləri olduğunu deməzdim. Amma elə şeylər var ki, referilər öz üzərlərində işləməlidirlər. Dördüncü hakim nəsə deyir, baş hakim razılaşmır, öz bildiyini edir. Hərdən coşub hakimlərin üstünə qışqırırıq. Amma bir tərəfdən də dəstək olmaq lazımdır.
“Səbail”lə 3 oyunun hamısında yaxşı oynamışıq. Yerli futbolçuların ustalıq tərəfini inkişaf etdirməliyik. Legionerlərimiz pis deyil. Bəxtsizliklə əlaqələndirmək olar”.
“İkinci hissədə meydanda bir komanda var idi”
“Səbail”in baş məşqçisi Şahin Diniyev isə heç-heçəni belə edib:
“Maraqlı, dinamik, gərgin oyun oldu. Hər iki komanda qalib gələ bilərdi. 19-cu turdan 23-cü tura qədər komanda oyununda inkişaf var. Birinci hissədə kobud səhvdən sonra qol buraxdıq. İkinci hissədə meydanda tam dominantlıq etdik. Düzgün yolda olduğumuzu düşünürəm. Sabit heyəti tapsaq, yaxşı oyun göstərəcəyik. Uşaqlar yaxşı fiziki hazırlıq keçiblər. Funksional hazırlığımız 180 dəqiqəyə də çatar. 12-ci turdan sonra uğursuz nəticələr komandanın içində xof yaradıb. Qələbə qazanmaq istəyirlər. Bu, bizə bir az mane olur”.
Diniyev həmkarı Azər Bağırovun bu oyunda 2 xal itirdiklərinə dair fikirlərinə də münasibət bildirib:
“Bütün həmkarlarıma hörmət edirəm. Məşqçilər oyundan sonra emosiyalara qapılıb hansısa sözü deyə bilərlər. Amma hər şey görünür. Məşqçini başa düşürəm. Bəlkə də “Neftçi”ni udduqdan sonra 3 xal qazanmaq istəyirdilər. İkinci hissədə meydanda bir komanda vardı, o da “Səbail” idi”.
“Əvəzedici heyətlə əsas komandanın arasında böyük uçurum var”
Şahin Diniyev yerli futbolçu çatışmazlığından da şikayətlənib və yeni bir ideyasının olduğunu dilə gətirib:
“Səbail” neçə ildir Premyer Liqada qalmaq uğrunda mübarizə aparırdı. Artıq ortabab komandaya çevrilmişik. Addım-addım getməliyik, birdən-birə çempion ola bilmərik. Təməl qurub, 6 aydan bir çatışmayan mövqeləri gücləndirməliyik. Artıq “Səbail” qapazaltı deyil. Razıyam, yerli futbolçu seçimimiz çox da yaxşı alınmadı. Elə düşünürlər ki, bizim büdcə o qədərdir ki, hər şeyi edə bilərik. Yerli futbolçu baxımından problemim var. Amma onlar bacardıqlarını edirlər. Pafos da olsa, deyəcəyəm. Biz bu gün Azərbaycan futbolunu düşünməliyik. Bütün klublar avrokuboklara vəsiqə uğrunda mübarizə aparırlar, sonda da hər şey millinin başında çatlayır. Mən tək özümü düşünsəydim, deyərdim ki, 11 legioner oynadaq.
Bu mövsüm yaxşı yerləri tutsaq, layihəmiz var. Bir layihə də mən tərəfdən gələcək. Bizim ikinci komandamız olmalıdır. Əvəzedici heyətlə əsas komandanın arasında böyük uçurum var. Əlavə komanda lazımdır. Adı “Səbail” olmaya da bilər. Sponsordan bunu istəyəcəyəm. Bütün dünyada bu var. 21 yaşlı futbolçunu oynada bilmirəm. 1-2 ildən sonra o gənc olmayacaq. Hardasa bişməlidir. Bu gün “Neftçi”nin əvəzedici komandasından kimsə gəlib əsas komandada oynamayacaq. Çox çətindir. Bizim akademiyada olan şərait heç bir komandada yoxdur. Uşaqların yeməklərinə, geyimlərinə baxın. Bəli, bir meydançada 17-18 komanda inkişaf edə bilməz. Saat 11-ə qədər burada məşqlər gedir. Stadionumuzun ot örtüyü təbii olacaq. Yaxın ərazidə məşq etmək üçün iki meydança tikiləcək. Əhmədlidə akademiya üçün yerimiz var. Bunlar olsa, komanda yox, klub oluruq. “Turan Tovuz” və biz süni meydançada oynayırıq. Bu da zədələrə səbəb olur”.