“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 21-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu gün komandam axıra qədər mübarizə aparır, daha yaxşı oyun sərgiləyə bilir. Oyunun içində müəyyən problemlər var. İlk dəqiqələrdə həmişə boşluqlarımız olur. Bunu çatışmazlıq hesab edirəm. Meydanda yaxşı müabrizə getdi. Müdaifəyə çəkilmədik, qollarımızı vurub qələbə qazandıq.
Oyunu tribunadan izləmək çox çətindir. Aşağıda olanda bəlkə də emosiyaları çərçivəyə salmaq olur. Tribunadan izləyəndə isə bir qədər çətindir”.
Azər Bağırov “Kəpəz”in tarixində ilk dəfə “Sabah”a qalib gəlməsinə də toxunub: “Xəbərimiz vardı. Bu qələbə “Kəpəz” azarkeşləri üçün bir hədiyyədir. “Səbail”lə matçda da pis oynamadıq. Meydanda futbol adına hər şey var idi. Sadəcə, qolları vura bilmədik. Epizodları dəyərləndirəndə komandada özünəinam artır. “Səbail”ə məğlub olmaq dünyanın sonu deyil. Qarşıda 15 oyun var. Yuxarı pillələrdə qərarlaşa bilərik. Eyforiyaya gəldikdə, komanda ilə danışdıq. Dedik ki, sabah saat 11-də məşqimiz var. İşimizə davam edirik. Futbolçuların fiziki performansını daim yüksək saxlamaq lazımdır. Bu il qrafik ötən ildən daha yaxşıdır. Beş gündən bir oynamaq heç də pis deyil. “Neftçi” ilə oyuna da hazırıq”.
“Sabah”ın baş məşqçisi Vasili Berezutski isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Bu cür səhvlər edəcəyiksə, əlbəttə, qalib gəlmək çox çətin olacaq. Belə halları şərh etmək çətindir. Rəqib heç bir hücum etmədən 3 qol vurur. Çox üzücüdür. Amma bu, futboldur. Biz istəkdə rəqibə uduzmadıq. Azlıqda qaldanda belə təzyiq edirdik, qol vəziyyətləri yaradırdıq. Özümüzə çətinliklər yaratdıq. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı matçlarda hər rəqibə qalib gələk. “Neftçi” ilə oyun heç-heçəlik idi. “Sumqayıt”la görüşdə çoxlu qol fürsətlərini dəyərləndirə bilmədik. Bu gün isə edə biləcəyimiz bütün səhvləri etdik və qapımızda 3 qol gördük. Kubok bizim üçün prioritetdir. Kuboku qazanmaq üçün hər şey edəcəyik. Amma çempionat oyunlarını da unutmayacağıq”.