Azər Bağırov: “Kim necə hakimlik edirsə, özü cavab verəcək”

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilən mətbuat konfansında bunları söyləyib:

“Uduzanda çox şeydən danışmaq olmur. Səhvləri komanda ilə müzakirə etməlisən. Meydanda görmək istəmədiyimiz hallar var. Futbolçularla danışmışdıq ki, rəqib əks-hücumda daha çox olacaq. Amma meydanda tam fərqli şeylər gördük. Fasilədən sonra üstünlüyümüz olsa da, qol vura bilmədik. Sağ olsun hakimlər də yaramızın üstünə duz tökdülər. Neçə oyundur ki, hakimlər barədə danışmaq istəmirəm. “Səbail”lə oyundan bu yana qeyri-adi ofsayd xətti çəkilir… Cərimə meydançasında müdaxilədə şaqqıltı səsi bizim yanımıza qədər gəldi. Amma deyirlər topa oynadı. Mən bəhanələr gətirən adam deyiləm. Əlində material varsa, ondan maksimum istifadə etməlisən. Bu gün əlimizdə yetəri qədər material var. Sadəcə, qol epizodlarını dəyərləndirə bilmirik. Səhvlərimizin üzərində işləməliyik”.

Azər Bağırov narazı qaldığı hakimlliklə bağlı daha sonra bunları söyləyib:

“Həmkarlarımın işinə qarışmaq istəmirəm. Mövsümün əvvəlində hakimliklə bağlı çox danışdılar. Kimlər ki, danışdı, bu gün onlara simpatiya var. Biz də futbola baxırıq. Mən hakimlərin insafına buraxıram. VAR-da da ancaq bir adamdır. Rəşad Əhmədov ancaq VAR-da oturur. Azərbaycanda başqa hakim yoxdur yəqin ki. Ya VAR-da olur, ya da meydançada. Məhəmməd Kadiri ilə Ayaz Quliyev hava mübarizəsinə qalxır, bizim oyunçuya sarı vərəqə verilir. Mən elə bildim danışdığı üçün sarı vərəqə göstərdi. Dördüncü hakim deyir ki, “kontakt”a görə verdi. Çox gülüncdür. Bununla futbolçunu sındırırlar. Çox şeylər var, danışmaq istəmirəm. Adam danışdıqca lap batır. Özləri bilər. Kim necə hakimlik edirsə, özü cavab verəcək”.

“Sabah”ın məşqçisi Ruslan Qafitullin isə qələbəyə belə şərh verib:

“Həftə ərzində oyunçularımıza rəqibin üstün və zəif tərəflərini göstərmişdik. Onları təbrik edirəm. Göstərişlərə əməl etdilər. Birinci hissədə qol epizodlarımız çox idi. İstifadə edə bilmədik. İkinci yarıda oyun bir az bərabərləşdi. Amma əlimizə düşən fürsətlərdən istifadə edə bildik. Hakimlərdən danışmağı xoşlamıram. Bəzi məqamlarda narazı idik”.