“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 12-ci turunda “Səbail”ə qarşı keçirdikləri ev oyununu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Tovuz şəhər stadionunda qarşılaşdığı paytaxt klubunu 1:0 hesabı ilə məğlub edib.
Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında bunları dilə gətirib:
– Son oyunlarda komandamızda ruh yüksəkliyi yaranmışdı. Tam istədiyimiz kimi oynamasaq da, futbolçularda əzm, mübarizlik vardı. Bu gün də uşaqlar sona qədər mübarizə apardılar. Meydana sonradan daxil olanlar da özlərini yaxşı tərəfdən göstərdilər. Camal Cəfərov da ona verilən şansdan yaxşı istifadə etdi. Bəzi oyunlarda zəif oynamaqla da xal qazanmaq lazımdır. Bəzən də yaxşı oynadığın halda xal qazana bilmirsən. Məsələn, ötən turda “Turan Tovuz”a qarşı yaxşı oynasaq da, məğlub olduq. Oyundan-oyuna daha yaxşı olacağıq. Təki belə oyunlarımız və uğurarımız çox olsun ki, komandanı elitada saxlaya bilək.
– Son dəqiqə qolu komandaya əlavə motivasiya verəcək?
– Ötən matçda son dəqiqələrdə qol buraxdıq, bu gün isə son dəqiqədə qol vurduq. Sona qədər qol vurmaq istədiyimiz yaxşı motivasiyadır. İkinci hissədə daha yaxşı idik. İlk yarıda həm də küləyə qarşı oynayırdıq. Layiqli qələbə qazandıq.
– Orxan Əliyevin oyunundan narazı idiniz?
– İlk dəqiqələrdə çox top itirirdi. Özünü narahat hiss edirdi. Bəzən belə məqamlarda oyunçunu əvəzləməklə ona fayda verirsən. Bu gün “Səbail” də bizə sürpriz etdi. Onların beşli müdafiə ilə oynayacağını gözləmirdik. Amma futbolçularım sonradan buna uyğunlaşdılar.


