Azər Məmmədov: “Bu oyun gələcəyə ümid verdi”

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Gəncə təmsilçisinin çalışdırıcısı 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün çox vacib oyun idi. Xal ehtiyatımızı artırmaq istəyirdik. Bura qələbə üçün gəlmişdik. Komanda birinci hissədə yaxşı oynadı. İlk hissədə daha üstün idik. İkinci hissənin əvvəlində üstünlüyü əldən verdik. Məğlub olacaq oyun deyildi. Müdafiə planında elə bir problemimiz yoxdur. Buraxılan 13 top bizim kimi komanda üçün normaldır. Amma 5 qol vurmuşuq və bu, azdır. Hücum oyunçuları bir az artırmalıdır. Bir az təcrübə çatmır. Ötənilki “Şamaxı”, “Səbail” yoxdur. Komandalar güclənib. Görünən odur ki, güclü rəqiblərlə oynamaq üçün bir az da artırmaq lazımdır.

Vurğun Hüseynov bizim kapitanımızdır. Çalışırıq ki, ondan həm meydanın içində, həm də kənarda istifadə edək. Hələ ki, meydanın içində faydalanmaq qismət olmayıb. Yeqor Xvalko və Elçin Əlicanov stabil oynayır. Onları dəyişsəm, ədalətsizlik olar.

Ən çox qol buraxdığımız komanda “Səbail”dir. Əksər oyunlarda minimal hesabla uduzmuşuq. Rahat təslim olan komanda deyilik. “Qəbələ”də köklü dəyişikliklər olub. Komandada futbolçuların özlərinə gəlməsi üçün vaxt lazımdır. Həmin şey bizdə də yaşanır. Keçən ilki heyətdən 5 oyunçu qalıb. Bizə də vaxt lazımdır. Hələ düşündüyümüz heyəti oynada bilməmişik. Hər oyuna eyni şəkildə hazırlaşırıq. Bu oyun gələcəyə ümid verdi. Bizə yaxın olan komandalardan xallar götürməyə borcluyuq”.

Azər Məmmədov komandasının hədəflərindən də söz açıb:

“Gəncə azarkeşləri çox çılğındır. Həmişə “Kəpəz”in üst pillələrdə olmasını istəyirlər. Bu, çox yaxşı şeydir. Sadəcə, bəzən reallıqla barışmaq lazımdır. Bu “Kəpəz” üç il çempion olan “Kəpəz”ə yaxındır? Bizdə çox müsbət düşüncəli azarkeşlər var. Onlar da reallığı qəbul edirlər. Amma bu, o demək deyil ki, biz sonuncu yerdə olmalıyıq. Çalışacağıq ki, fanatların istəklərini yerinə yetirək. Mövsüm başlayanda da hədəfimiz Premyer Liqada qalmaq idi, indi də. Premyer Liqada qalmaq o demək deyil ki, 9-cu yeri tutaq. Düşünürəm ki, “Kəpəz” Premyer Liqadan düşməyəcək”.

Mübariz Orucov: “Heç kim risk etmək istəmirdi”

“Sumqayıt”ın məşqçisi Mübariz Orucov isə qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“İlk hissədə hər iki komandanın ifasında sönük oyun keçdi. Gərginlik var idi. Hər iki komandaya qələbə lazım idi, heç kim risk etmək istəmirdi. Çünki, turnir cədvəli ürəkaçan deyil. Bundan irəli gələ bilərdi. Fasilədə futbolçularla söhbət etdik.

Meydança amilini bəhanə etmək düzgün deyil. Düzdür, Azərbaycanda meydançalar ideal vəziyyətdə deyil. Amma oyunun gözəl alınmaması bununla bağlı deyil. Bir az külək mane oldu.

Orxan Sadıqlıya şans vermək istəyirdik. Oyundan 2-3 gün əvvəl Mehdi Cənnətovda zədə var idi. Əsas səbəbi budur. Bu, o demək deyil ki, Mehdini sildik. Orxan bu gün ümidləri doğrultdu.

Elə futbolçular var ki, uyğunlaşma prosesini tez keçir, elələri də var ki, bir az gec alınır. Hansı çempionatdan gəlmələrindən də çox şey asılıdır. Kazimir Ninqada uyğunlaşma gec gedir deyə hələ ki, start heyətdə oynamır. Bu oyuna yaxşı qoşuldu. “Qarabağ”a qarşı da pis oynamırdı. Ninqa yaxşı futbolçudur. Hələ ki, o keyfiyyətlərini burada tam göstərə bilmir”.