Azərbaycan Basketbol Liqasında 2024/25 mövsümü başladı

Bu gün Bakı İdman Sarayında keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümünə start verilib.

Arena.az xəbər verir ki, 12 komandanın mübarizə aparacağı çempionatın ilk turu paytaxtda başlayıb.

İlk oyun gününün yeganə matçında “Neftçi” və “Naxçıvan” komandaları üz-üzə gəlib. A qrupunun qarşılaşması qarşılıqlı hücumlar şəraitində keçib və Naxçıvan basketbolçularının qələbəsi ilə yekunlaşıb. “Ağ-qaralar” 5 xal fərqi ilə uduzublar.

Qeyd edək ki, 1-ci tura oktyabrın 20-də yekun vurulacaq.

Xatrıladaq ki, yeni reqlamentə əsasən çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Oyun zamanı meydançada 4 əcnəbi və mütləq şəkildə 1 yerli basketbolçunun iştirak etməsi əsas şərtdir. Müntəzəm mövsümün oyunları A və B qrupları üzərindən baş tutacaq. Ötən çempionatın nəticələrinə əsasən, müntəzəm mövsümü ilk altılıqda bitirmiş, yəni pley-offa vəsiqə qazanmış klublar A qrupunda yarışacaqlar. Pley-offa vəsiqə qazana bilməmiş dörd klub və yeni yaranmış iki klub isə B qrupunda mübarizə aparacaqlar.

Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Azərbaycan Basketbol Liqası
A qrupu, 1-ci tur
18 oktyabr

“Neftçi” – “Naxçıvan” 79:84 (21:23, 24:23, 17:23, 17:15)