Azərbaycan Basketbol Liqasında sonuncu finalçı da bəlli oldu

Bu gün “Sərhədçi” İdman Mərkəzində keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, finala vəsiqə uğrunda sonuncu görüş NTD və “Gəncə” komandaları arasında baş tutub.

Yarımfinal seriyasının üçüncü oyununda iki əlavə vaxt yaşanıb. Gərgin və prinsipial oyunun sonunda “Gəncə” basketbolçuları 106:103 hesablı qələbə qazanıblar.

Bu qələbə ilə yarımfinal seriyasını 2:1 hesabı ilə qalib tamamlayan “Gəncə” basketbolçuları finala vəsiqə qazanıblar. Final seriyasında bu komandanın rəqibi “Sabah” kollektivi olacaq.

NTD-nin ən məhsuldar basketbolçusu Londel Kinq olub – 23 xal, 12 ribaund. Qalib komandanın heyətində isə Cared Smol fərqlənib – 21 xal, 8 ribaund.

Xatırladaq ki, bu iki komanda arasında mayın 10-da məhz “Sərhədçi”də baş tutan ilk yarımfinal görüşündə “Gəncə” 101:73 hesabıyla qalib gəlmişdi. Gəncədəki cavab görüşü isə NTD-nin 105:76 hesablı qələbəsiylə yekunlaşmışdı.

“Sabah” isə “AAAF Xırdalan”la oyunlarda 86:71 və 83:77 hesablı qələbələrlə finala yüksəlmişdi.

Azərbaycan Basketbol Liqasında həlledici oyunun dəqiq tarixi hələ müəyyənləşməyib. Federasiya buna qarşıdakı günlərdə aydınlıq gələcəyini açıqlayıb.