Azərbaycan birinciliyi: Amin Osmanov da hamıdan güclü oldu

Şüvəlandakı Ağır Atletika Akademiyasında yeniyetmələr arasında keçirilən ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir.

Arena.az xəbər verir ki, bu gün oğlanlar arasında 61 kq çəki dərəcəsində də qaliblərin adına aydınlıq gəlib.

Toplam 212 kq (97+115) nəticə göstərən Amin Osmanov bütün rəqiblərini üstələyib və qızıl medala sahib çıxıb. Sonrakı pillələri müvafiq olaraq, toplam 199 kq (90+109) nəticə ilə Orxan İmanova və toplam 198 kq (93+105) nəticə ilə Ramiz Kazımov tutublar.

Xatırladaq ki, ikinci yarış günündə körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olan idmançılar çıxmışdılar. Onlardan toplam 205 kq (91+114) nəticə göstərən Dəniz Cabbarlı qalib adını qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medalı toplam 190 kq (85+105) nəticə ilə Kamran Xappayev, bürünc medalı isə toplam 174 kq (76+98) nəticə ilə Xəyyam Allahverdiyev qazanıblar.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətlərini, klubları, mərkəzləri təmsil edən rekord sayda – 150-yə yaxın gənc atlet iştirak edir.

Azərbaycan birinciliyində daha öncə qızlar arasında yarışın qalibi müəyyənləşmişdi. Öz çəki dərəcələrində qalib adını qazanmış atletlərin siyahısı belədir:

Nuray Əbilova (40 kq)
Malika Bikçuyeva (45 kq)
Türkanə Qənbərzadə (49 kq)
Nigar Əliyeva (55 kq)
Ayişə Əliyeva (59 kq)
Aytən Əliyeva (64 kq)
Zəhra Niftəliyeva (71 kq)
Arzu Qədimova (76 kq)
Mələk Hüseynli (81 kq)
Zəhra Qənbərzadə (+81 kq)

İlk yarış günündə oğlanlar arasında isə körpücük üzərinə ilk olaraq çəkisi 49 kq-a qədər olan idmançılar çıxmışdılar. Toplam 146 kq (68+78) nəticə göstərən İlham Əkbərov qızıl, 144 kq (68+76) nəticə göstərən Nihat Zairov gümüş medal qazanıb. 136 kq (63+73) nəticə göstərən Əlimehti Hüseynov isə bürünc medala layiq görülüb.

Mayın 25-də başlamış Azərbaycan birinciliyi sabah – mayın 27-də yekunlaşacaq.