“Qarabağ” futbol üzrə Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb. Arena.az xəbər verir ki, Ağdam təmsilçisi mövsümün ilk 13 oyununda qələbə qazanan ilk komandaya çevrilib.
Qurban Qurbanovun yetirmələri bunu Azərbaycan Premyer Liqasında 3-cü turdan təxirə salınan matçda rəsmiləşdirib. Ağdam təmsilçisi səfərdə “Turan Tovuz”u 2:0 hesabı ilə məğlub edib.
“Qarabağ” cari çempionatadək iki dəfə mövsümə 34 xalla başlayıb. Buna qədərki rekord isə 1992-ci ilə 12 start qələbəsi ilə başlayan “Neftçi”yə məxsus idi. Həm bakılılar, həm də onların seriyasını dayandıran Sumqayıt “Xəzər”i ilk 13 matçda 12 qələbə qazanıb.
Azərbaycan çempionatları tarixində ilk 13 oyunda ən çox xal toplayan komandaların siyahısı belədir:
Qarabağ – 39 (2022/23)
Neftçi – 36 (1992)
Xəzər Sumqayıt – 36 (1992)
Neftçi – 35 (2000/01)
Neftçi – 34 (1996/97)
Qarabağ – 34 (2017/18)
Qarabağ – 34 (2003/04)
Sabah – 34 (2022/23)
Xatırladaq ki, 1992-ci ildə qələbəyə görə 2 xal verilsə də, bu cədvəldə şərti olaraq 3 xal prinsipindən istifadə olunub.
“Turan Tovuz”la oyunu “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov üçün də əlamətdar olub. 31 yaşlı futbolçu Ağdam klubunun heyətində çempionatda 200-cü matçına çıxıb.
Hüseynov bu komandada 2012/13 mövsümündə debüt edib. O, 200 oyunda 4 qola imza atıb.
Müdafiəçi üç gün öncə daha bir yubileyini qeyd edib. 13-cü tur çərçivəsində baş tutan “Kəpəz”lə görüş Bədavinin “Qarabağ”da bütün turnirlər nəzərə alınmaqla 300-cü matçı idi.
Hüseynov “Qarabağ”ın tarixinə Azərbaycan çempionatlarında 200 və daha çox görüşə çıxan 12-ci futbolçu kimi düşüb. Ona qədər 11 oyunçu buna nail olub.
Tovuzda mövsümün rekordu
Yeri gəlmişkən, “Turan Tovuz” – “Qarabağ” oyunu rekordla əlamətdar olub. Tovuzdakı qarşılaşmanı 5800 tamaşaçı izləyib. Bu, cari mövsümün yeni rekordudur.
Bunadək ən çox tamaşaçı 1-ci turun “Turan Tovuz” – “Qəbələ” (0:2) və 3-cü turun “Sabah” – “Neftçi” (2:1) matçlarında qeydə alınmışdı. Həmin oyunların ikisində də 5500 tamaşaçı olub.
Təxirə salınan görüşü də nəzərə almaqla 3-cü turdakı seyrçi sayı da rekord həddə çatıb. Turun ümumilikdə 5 matçını 14600 tamaşaçı izləyib. Bununla da 1-ci turun rekordu yenilənib. Mövsümün ilk turunda 10600 izləyici olub.