Azərbaycan çempionatları tarixinin 14000-ci qolu vuruldu

Premyer Liqanın 6-cı turunun “Sabah” – “Turan Tovuz” görüşündə Azərbaycan çempionatları tarixinin 14000-ci qolu vurulub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Ötən gecə baş tutan və 2:2 hesabıyla yekunlaşmış bu matçdakı ikinci qol ölkə çempionatlarının 32 illik tarixinə 14000-ci kimi düşüb. Bu topun müəllifi qonaqların futbolçusu Roderik Miller olub.

Yubiley qolu 33 mövsüm ərzində baş tutan 5762-ci oyuna təsadüf edib. Bu qarşılaşmalardan 278-i texniki nəticə ilə yekunlaşıb. 14002 qol 5484 matçda vurulub.

Xatırladaq ki, ölkə çempionatlarının ilk qoluna Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə qonaqların qapısına yol tapıb.